Azərbaycan Slovakiya ilə müvafiq sistemlərdən istifadə etməklə qaz təchizatı və nəqlinin praktiki aspektlərini müzakirə edir.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan-Slovakiya biznes forumunda iqtisadiyyat nazirinin müavini Anar Axundov deyib.
O qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır:
"Məqsədimiz 2027-ci ilə qədər Avropa İttifaqına hər il 20 milyard kubmetr qaz ixrac etməkdir. Slovakiyanın həmrəylik halqası (STRING) qaz dəhlizi layihəsində iştirakı enerji sektorunda ikitərəfli münasibətlərimizin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu layihə çərçivəsində əməkdaşlığımız 2023-cü ildə Sofiyada SOCAR ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın paylayıcı sistem operatorları arasında Anlaşma Memorandumu imzalandıqdan sonra yeni mərhələyə qədəm qoyub".
Onun sözlərinə görə, bu ilin ilk 8 ayında ölkələrimiz arasında ticarət dövriyyəsi 31 milyon ABŞ dolları təşkil edib.
"Ticarət dövriyyəsinin əksəriyyətini Slovakiyadan idxalımız təşkil etsə də, bizim Slovakiya ilə gücləndirilmiş enerji əməkdaşlığı vasitəsilə ixracımızı artırmaq üçün əhəmiyyətli potensialımız var", - deyə nazir müavini əlavə edib.