Ekspert: Xarici dövlət borcumuz yüksək deyil

Ölkəmizə qarşı kənar dairələrdə qısqanclıq yaradan məqamlardan biri məhz budur
 
 
 “Büdcə bizim imkanlarımızı əks etdirir. Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır".
Bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında deyib.
 ÜDM-yə nisbətdə xarici borcların  cəmi 7,5 beş faiz olduğunu vurğulayan prezident qeyd edib ki, bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf etməyə imkan verir: “Bu gün onu da biz müzakirə edəcəyik, baxarıq, bəlkə də, bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik. Hər halda, bu məsələni müzakirə etmək üçün bu gün, əlbəttə ki, fikir mübadiləsi aparılacaq”.

 Ölkə başçısının çıxışını dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərovun “Sherg.az”a açıqlamasına görə, ölkəmizə qarşı kənar dairələrdə qısqanclıq yaradan məqamlardan biri məhz, bizim xarici dövlət borcumuzun səviyyəsidir: 

“Yəni bunun ÜDM-yə nisbətdə 10 faizdən də aşağı təşkil etməsi məsələsidir. Çünki bu göstərici müasir dövrdə bütün ölkələrin ən ağrılı yeri sayılır. Elə bir ölkə yoxdur ki, xarici dövlət borcu olmasın. 2020-ci ildəki pandemiya bir çox ölkələr üzrə bu göstəricinin səviyyəsini bir az da pisləşdirdi. Bizdə isə heç bir dəyişiklik yaratmadı.
Bu da səbəbsiz yerə deyil. Belə ki, Prezident İlham Əliyev tərəfindən hələ illər öncə irəli sürülən təşəbbüs nəticəsində dövlət borcunun idarəedilməsi üzrə müvafiq strategiya həyata keçirilir. Və buna da uyğun olaraq, xarici borcun ümumi borc portfelində həcmi az təşkil etməklə yanaşı, 2021-ci ildən ÜDM-nin həcminin artması hesabına ona nisbətdə payı aşağıdır. Söhbət, ondan gedir ki, beş il öncə, yəni 2018-ci il 24 avqust tarixdə dövlət başçısının 424 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında dövlət borcunun idarəedilməsinə dair orta və uzun müddət üçün Strategiya” təsdiq edilib. Və həmin Strategiya üzrə dövlət borcu sahəsində dayanıqlığı təmin etməklə onun ÜDM-yə nisbətdə həcmi tədricən azaltmaq əsas yol seçilib. Dəqiq qeyd etsəm, 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-yə nisbətdə yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəf olaraq götürülüb. Xarici borc öhdəlikləri səviyyəsini isə yerli maliyyə bazarını inkişaf etdirmək sayəsində ÜDM-in 10 faizdən aşağı hissəsinə endirmək nəzərdə tutulub. Həmin vaxtda, yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-yə nisbəti 20,3 faiz təşkil edirdi: “ Ötən ilin əvvəlinə isə bu rəqəm 2,5 dəfə azaldılaraq artıq, 8,6 faizə salınmışdı. Bu, ilin əvvəlinə 8,9 faizə bərabər idi”.

 P.Heydərovun sözlərinə görə,  2022-ci ilin 30 dekabr tarixindəsə “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022-2025-ci illər üzrə yenilənməsi çərçivəsi” təsdiq edilib: 
“Bu sənəddə də qarşıya eyni hədəflər qoyuldu. Belə ki, strategiyada əvvəlki sənəddə müəyyən edilən əsas istiqamətlər və məqsədlər dəyişməz olaraq qalmaqla, 2022-2025-ci illərdə dövlət borcalmalarının idarəedilməsinə dair çərçivə müəyyən olunaraq 2030-cu ilin sonunadək uzunmüddətli baxış irəli sürülüb.
Bəli, biz böyük enerji resurslarına sahib olduğumuzdan ödəniş qabiliyyətli ölkəyik və odur ki, xaricdən gen-bol borc vəsaitləri cəlb edə bilərik. Yəni istəsək, real olaraq xarici dövlət borcumuzu “bir günə” bağlaya bilərik. Lakin xarici borclanmaya getmək zəruridir və vacibdir. Və bu siyasət istər-istəməz davam etdirilməlidir. Ancaq sözsüz ki, mövcud strategiya çərçivəsində. Eyni zamanda ümumi dövlət borc səviyyəsini də ÜDM-in 20 faiz hissəsindən aşağı həddə salmağa nail olmalıyıq. Sözügedən göstərici isə ötən il, yəni 2023-cü il üzrə qeydə alınan ÜDM-in 21,8 faizinə bərabər səviyyədədir. Buna isə daxili borclanmanın səmərəliliyini inkişaf etdirməklə nail olmaq mümkündür. Yəni sözügedən strategiya təsdiq olunan ildə xarici dövlət borcunun ÜDM-yə nisbəti 20,3 faiz təşkil edirdi. Ötən ilin əvvəlinə isə bu rəqəm 2,5 dəfə azaldılaraq artıq, 8,6 faizə salınmışdı.  Bu ilin əvvəlinəsə yuxarıda qeyd etdiyim kimi 8,9 faizə bərabərdir”.