Ekspert: Ətin qiymətini ucuzlaşdırmaq olar

Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır


  Azərbaycanda ilbəil ət istehlakı artır. Ötən il Azərbaycanda bütün növ ət və ət məhsullarının illik istehlakı adambaşına 43.5 kiloqram olub. Statistikadakı artım Azərbaycan xalqının qidalanmasında ətin xüsusi rolunu əks etdirir. Yəni ətin mətbəximizdə mühüm yeri var. Milli yeməklərin əksəriyyəti qırmızı ət və toyuq məhsullarından hazırlanır.
Qeyd edək ki, Azərbaycanda özünü təminetmə səviyyəsi, bütün növ ət və ət məhsulları üzrə 85.3 faizdir. Yerdə qalan tələbat isə idxal məhsulları hesabına ödənir. 
  Ekspertlər isə hesab edir ki, ölkədə istehlak olunan ət məhslullarına  olan tələbatın tam şəkildə ödənilmsi üçün  iribuynuzlu heyvanlarla məşğul olan şəxslərə ciddi ehtiyac var. Örüş yerlərinin artırılması və yemin ucuzlaşması üçün müvafiq qurumlar güzəştlər həyata keçirməlidirlər. Yemin əlavə dəyər vergisindən azad olunmasının da prosesə müsbət təsir edəcəyi güman edilir.  Yəni həm fermerlər üçün, həm də kənd yerlərində  müəyyən stimullar tətbiq etmək lazımdır ki, idxaldan asılı vəziyyətə düşməyək. 

  İqtisadçı-ekspert Cəfər İbrahimlinin "Sherg.az"a söylədiyinə görə, ölkəmizdə ətə olan  tələbat mütəmadi olaraq yüksəldiyi üçün ət istehsalını genişləndirmək vacibdir:

“Aqrar sektorda heyvandarlıq  kifayət qədər əhəmiyyətli istiqamətdir. Heyvandarlığın inkişaf etdirilməsi yerli istehsal hesabına, ət məhsullarına tələbin ödənilməsinə gətirib çıxara bilər. Amma reallıq bundan ibarətdir ki, Azərbaycan ət məhsullarına olan tələbin bir hissəsini idxal hesabına ödəyir. Onu da deyim ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdən olduğu üçün 2010-cu ildən etibarən bu sahədə xaricdən asılılığın azaldılması əsas hədəf kimi qoyulub. İndiyədək bu istiqamətdə azalmaya nail ola bilməmişiksə, deməli, risklər mövcuddur. Əslində, 2010-cu ildən dövlət damazlıq heyvanların ölkəyə gətirilməsinə və intensiv təsərrüfatların yaradılmasına xüsusi vəsait ayırıb. Böyük intensiv təsərrüfatlara irihəcmli kreditlər verilib. Yəni dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır. Demək olar ki, mövcud infrastruktur yox olmaq həddindədir. Torpaq sahələrinin bitki örtüyünün yaxşılaşdırılması istiqamətində heç bir iş aparılmır. Bütün bunlar əsasən, xırdabuynuzlu heyvanların saxlanılmasında ciddi çətinliklər yaradır. Fermerlər məcburi olaraq yarıyemləmə üsulundan istifadə edirlər. Bu da onların xərcini artırır".

  Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Mövcud imkanlar hesabına ət idxalını 50-60 faiz azaltmaq mümkündür.