Etibar, nüfuz, şəffaflıq əsas amildir
Şirkətlər fəaliyyətlərini şəffaf qurduqda etibarlı tərəfdaşlar qazanırlar və tərəfdaşlar da tez-tez dəyişmir
2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 152 şirkət qeydiyyata alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 şirkət azdır. Trend xəbər verir ki, bu barədə "TurkicWorld"ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 158 milyon 690 min türk lirəsi olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 405 milyon 820 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib. Qurumdan o da qeyd olunub ki, 2024-cü ilin yanvar-sentyabr ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (132) qeydiyyata alınıb. “İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 99 milyon 60 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib. Məlumata əsasən, 2024-cü ilin yanvar-sentyabr ayında Türkiyədə Azərbaycan kapitalı ilə 78 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında 2023-cü ilə nisbətən bu ilin yanvar-sentyabr aylarında Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin sayının azalmasının səbəblərini izah etdi:
- Türkiyədə indiyədək Azərbaycan kapitalı ilə qeyduyyata alınan şirkətlər digər ölkələrə nisbətən çox olub. Bu da təbiidir. Türkiyə qardaş ölkədir, bir millət iki dövlətik. Son illərdə Azərbaycan iqtisadiyyatında müşahidə edilən artım xarici ölkələrdə yerli kapital hesabına şirkətlərin fəaliyyətini də artırıb. Fikir versək görərik ki, Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətləri müxtəlif yönümlüdür. Ticarət şirkətləri də var, tikinti, logistika şirkətləri də. Türkiyə iqtisadiyyatına yatırım edən ən böyük şirkət Dövlət Neft Şirkəti – SOCAR-dır. Bu barədə Türkiyə rəsmi mənbələrində məlumatlar yer alır. Məsələn, 2018-ci ilədək Dövlət Neft Fondu xətti ilə Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırımlarının 20 milyard dollara çatacağı planlaşdırılırdı. Yəqin ki, bu rəqəm sonrakı illərdə dəyişib. Türkiyədə SOCAR-ın iştirakı ilə “Star” neft emalı kompleksi tikilib. Türkiyədə Azərbaycan sərmayəsi ilə 800-dən çox şirkətin fəaliyyət göstərdiyi bildirilirdi. Bu şirkətlər arasında inşaat, turizm, əmlak, enerji və daşınma - logistika şirkətləri çoxluq təşkil edir. İnşaat sektorunda sərmayə qoyuluşu daha çox hotel və mehmanxanaların tikintisinə ayrılır. Ölkələrin iqtisadiyyatı gücləndikcə, yatırımlar da artır. Bu, iqtisadiyyatın xüsusiyyətlərindən biridir. 2023-cü ilə nisbətən 2024-cü ildə Azərbaycan kapitalı ilə qeydiyyata alınan şirkətlərin sayındakı azalma isə hesab edirəm ki, bir çox sahələrdə fəaliyyət göstərən şirkətlərin həmin sektorda artıq oturuşması, etibar, nüfuz qazanmasıyla bağlıdır. Şirkətlər fəaliyyətlərini şəffaf qurduqda etibarlı tərəfdaşlar qazanırlar və tərəfdaşlar da tez-tez dəyişmir. Azərbaycan sərmayəsi ilə fəaliyyət göstərən şirkətlərin bir çoxu artıq özünü təsdiq edib. Olduqları sahəni yaxşı idarə edirlər, bununla da, bazara yeni şirkətlərin gəlişi müsbət mənada əngəllənir. Digər tərəfdən də Azərbaycan şirkətləri fəaliyyətlərini təkcə qardaş Türkiyə ilə məhdudlaşdırmır, digər ölkələrdə də iqtisadi sektora daxil olaraq əhatələrini genişləndirməyə çalışırlar. Sizə deyim ki, Azərbaycan sərmayəsi ilə fəaliyyət göstərən şirkətlərin çoxu İstanbuldadır. Bu da başadüşüləndir. Çünki İstanbul hələ də Türkiyənin ən əsas şəhərlərindən biri, iqtisadi gəlirlərin, imkanların böyük olduğu şəhərdir.