Qətərin energetika naziri Saad əl-Kaabi, Avropa ölkələrinin yeni qanunlarına uyğun olaraq istixana qazı emissiyası qaydalarına əməl etmədikləri halda cərimələrin tətbiq edilməsini nəzərdə tutan tənzimləmələrə qarşı narazılığını bildirib.
Trend-in məlumatına görə, əl-Kaabi "Financial Times" nəşrinə müsahibəsində, Qətərin Avropaya qaz tədarükünü dayandıra biləcəyini istisna etməyib. O, bildirib ki, 2027-ci ildə qüvvəyə minəcək yeni qanuna əsasən, Avropa ölkələri şirkətləri illik gəlirlərinin 5%-i məbləğində cərimələyə bilər.
Eyni zamanda, Qətərin milli neft və qaz şirkəti "QatarEnergy"nin baş icraçı direktoru olan əl-Kaabi, bu cərimələrin ölkəsi üçün böyük maliyyə itkisi olacağını vurğulayıb: "Bu, xalqın puludur, ona görə də, mən bu pulları itirməyə hazır deyiləm. Heç kim bu cür pulu itirməklə barışa bilməz".
Qeyd edək ki, Qətər dünyada təbii qaz ehtiyatlarına görə üçüncü, hasilatına görə isə altıncı yerdədir. Avropa üçün mühüm enerji tədarükçüsü olan ölkənin bu addımı qlobal enerji bazarında ciddi təsirlərə səbəb ola bilər.