Bəxtiyar Aslanbəyli: BP və SOCAR "Qarabağ" layihəsi üzrə danışıqlar aparır

BP və SOCAR Böyük Britaniya şirkətinin "Qarabağ" neft yatağının işlənilməsi layihəsinə daxil olmasının şərtlərini müzakirə edir.

"Sherg.az" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Şahdəniz" layihəsinin operatoru olan BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

Vitse-prezident xatırladıb ki, ötən ilin sentyabrında BP və SOCAR arasında BP-nin Xəzər dənizinin Azərbaycan sektorunda iki hasilat və kəşfiyyat bloku üzrə sazişlərə qoşulmaq niyyətini açıqlayan bir anlaşma memorandumu (AM) imzalanıb. Birinci blok "Qarabağ" neft yatağıdır, ikincisi isə Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir.

Bəxtiyar Aslanbəyli qeyd olunan müzakirələr üzrə razılığın bu il əldə olunacağını istisna etməyib.

"Şəxsən mən buna ümid edirəm", - vitse-prezident qeyd edib.

Xatırladaq ki, memorandum üzrə birinci blok Bakıdan 120 km şərqdə, “Günəşli” yatağından 20-25 km məsafədə, suyun 150-200 metr dərinliyində yerləşən "Qarabağ" neft yatağıdır. Yatağın işlənməsi üzrə 2018-ci ildə imzalanmış və Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunmuş mövcud Risk Xidməti Sazişi (RXS) var. Hazırda SOCAR RXS-də 100% iştirak payına malikdir.

İkinci blok Bakıdan 90-110 km şimal-şərqdə, suyun 80-180 metr dərinliklərində yerləşən Əşrəfi - Dan Ulduzu - Aypara (ADUA) sahəsidir. Bu sahə bir sıra mövcud kəşf olunmuş və perspektiv strukturları əhatə edir. ADUA sahəsinə aid kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü üzrə 2018-ci ildə imzalanmış və Milli Məclis tərəfindən ratifikasiya olunmuş mövcud saziş (HPBS) var. Hazırda SOCAR həmin HPBS-də iştirak payının 100%-nə malikdir.