Müasir dövrdə bərpaolunan enerji yalnız ekoloji məsələ deyil, eyni zamanda iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən strateji sahəyə çevrilib. Xüsusilə enerji resursları baxımından zəngin olan ölkələr yaşıl enerjiyə keçidi prioritet elan edərək, uzunmüddətli dayanıqlı inkişaf hədəfləri müəyyənləşdirirlər. Bu kontekstdə Azərbaycanın bərpaolunan enerji sahəsində genişmiqyaslı planları diqqət çəkir.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında ölkəmizin bu sahədə strateji hədəflərini vurğulayaraq, 2030-cu ilə qədər bərpaolunan enerji istehsal gücünün 6 qiqavata çatdırılmasının nəzərdə tutulduğunu və bunun bir hissəsinin Avropaya ixrac ediləcəyini bildirib. Azərbaycanın bu hədəflərinə çatmasında Almaniya kimi texnologiya və innovasiya sahəsində qabaqcıl ölkələrlə əməkdaşlıq mühüm rol oynayır.
Milli Məclisin deputatı Aydın Hüseynov “Sherg.az”a bildirib ki, Azərbaycan gələcək illərdə ticarət dövriyyəsini şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmağı hədəfləyir:

“Xüsusilə, Almaniya şirkətlərinin böyük təcrübəsi olan bərpaolunan enerji sahəsində buna önəm verir Ölkəmizin bu sahədə çox böyük proqramı və planları var. Prezident İlham Əliyevin də vurğuladığı kimi, 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik. Bu enerjinin bir hissəsi Avropaya ixrac ediləcək. Keçən il Azərbaycanın ev sahibliyi etdiyi COP29 beynəlxalq iqlim konfransında bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığımız olub. Prezident İlham Əliyevin uğurlu enerji siyasəti nəticəsində ölkəmizin prioritetlərindən biri bərpaolunan enerji ilə bağlı yeni layihələrin həyata keçirilməsidir”.
Deputat söyləyib ki, artıq bu sahədə Azərbaycanla Almaniya arasında real əməkdaşlıq mövcuddur:
“Almaniyanın nüfuzlu şirkətləri Azərbaycanın təşəbbüskar olduğu bu layihələrə sərmayə yatırırlar. Bu, Azərbaycan üçün geniş imkanlar deməkdir. Bərpaolunan enerji ixracatını artırmasını nəzərdə tutan Azərbaycanda 2030-cu ilə qədər daxili istehlakın 30 faizi alternativ mənbələrdən əldə edilən enerji hesabına ödəniləcək. Bu fikirlər Prezident İlham Əliyevlə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin mətbuata birgə bəyanatında da səsləndirib. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub”.