2027-ci ilin 1 yanvar tarixinə Azərbaycanınxarici dövlət borcunun 4 milyard 833 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 19 milyard 387,1 milyon manat olmaqla ümumi dövlət borcunun 27 milyard 604,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Sherg.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin "2026-cı ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər" sənədində qeyd olunub.
Məlumata görə, 2027-ci ilin yanvarın 1-nə xarici dövlət borcunun 59,5 faizinin 5 ilədək, 34,9 faizinin 5-10 il ərzində, 5,6 faizinin isə 10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
2027-ci ilin 1 yanvar tarixinə daxili dövlət borcunun 55,3 faizini daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 51 faizinin 5 ilədək, 49 faizinin isə 5 il və daha artıq müddətli istiqrazların payına düşməsi gözlənilir.
Sənəddə bildirilib ki, dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərcləri üzrə yuxarı hədd (dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması) 2026-cı ilin birinci yarımili ərzində gözlənilib. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz təşkil edib.