İctimaiyyət rəqslərə göstərilən həvəsi dəstəkləməlidir
İnsanlar silaha əl atmaqdansa, ziyanlı işlərlə məşğul olmaqdansa, rəqs kimi incəlik tələb edən estetik bir sahəyə yönəlirlər
29 aprel Beynəlxalq Rəqs Günüdür. Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli son 7-8 ili milli rəqsə dönüş adlandırıb:
"Yaşından asılı olmayaraq milli rəqslərimizi öyrənmək üçün müraciətlər artıb: “Beynəlxalq tədbirlərdə ölkəmizi milli rəqslərimizlə təmsil edirik. Bununla yanaşı Azərbaycana gətirdiyim Latın Amerika rəqslərinə də maraq olduqca artmaqdadır. Tələbələr arasında Azərbaycanın tarixi ilə bağlı viktorina keçirilməsi nəzərdə tutulur. Eyni zamanda yarışlara da hazırlaşırıq. Sənətşünaslıqla bağlı alimlərimizin çıxışları da nəzərdə tutulur. İlin sonuna kimi bir çox silsilə tədbirlərin keçirilməsi planlaşdırılır".
Kulturoloq Aydınxan Əbilov "Şərq"ə açıqlamasında bildirib ki, son vaxtlar nəinki Azərbaycanda, hətta dünyanın hər yerində, xüsusən də yeni nəsil gənclərin kreativ sənət sahələrinə maraqları get-gedə artır:
"Bunu da normal qəbul etmək lazımdır. Çünki fiziki əmək sərf edən zavodlar, kənd təsərrüfatı, iqtisadiyyatın müxtəlif sahələrində insan əməyinin istifadəsi getdikcə azalır. Həyatımızda artıq incəsənət və bununla bağlı estetik yüksək sənət sahələrinə aid işlər genişlənir. Həm peşəkarlar, həm də sadə vətəndaşlar bundan tez-tez yararlanırlar. Ona görə də xalq musiqiləri, rəqs sənətinin müxtəlif qolları inkişaf etməyə başlayır. Azərbaycanda da digər ölkələrdəki kimi, kreativ sənaye, kulturoloji biznes gündən-günə artmaqdadır. İnsanlar emosiyalarını, duyğularını cəmiyyətə incəsənətin dili ilə çatdırırlar".
A.Əbilov rəqsin həm də sağlamlıq olduğunu diqqətə çatdırıb:
"Özəlliklə də son vaxtlar gənclər Azərbaycanda və dünyanın müxtəlif yerlərində öz etirazlarını, fikirlərini ötürmək üçün rəqsdən istifadə edirlər. Bizə nə qədər qəribə gəlsə də, rəqs edərək video çəkib, onu sosial şəbəkələrdə yayan insanlara tez-tez rast gəlinir.
İnsanlar silaha əl atmaqdansa, ziyanlı işlərlə məşğul olmaqdansa, rəqs kimi incəlik tələb edən estetik bir sahəyə yönəlirlər. Bu da onların yüksək mədəniyyətə meyilliyi, daha humanist, sivil olmasına dəlalət edir.
Ona görə də ictimaiyyət rəqslərə göstərilən həvəsi dəstəkləməlidir. Bunu təkcə sağlamlıq, dəyərlərimiz xatirinə yox, həm də yaradıcı biznes məşğuliyyətinin təmin edilməsi, insanların ailə büdcəsini artıran, eyni zamanda ölkə iqtisadiyyatına xeyir verən bir sahə kimi hesab etməliyik.
Dünyanın ən məşhur rəqs ansamblları var ki, milyonlarla tamaşaçı onları izləyir, konsertlərində iştirak edirlər".