“Balta işi”ndən hər kəs dərs götürsün -RƏY

Ağadadaş Ağayev belə hərəkət edirsə, görün gənc müğənnilər, hacılar üstə dalaşan müğənnilərin və digər manısların vəziyyəti nə yerdədir

“Bu kriminal hadisə bir daha sübut edir ki, son illərdə cəmiyyətdə mövcud olan gərginlik, ictimai və sosial həyatımızdakı dəyişkənlik sadə insanlarla yanaşı tanınmış insanların həyatında da böyük iz buraxa bilir”


“Balta işi” nəhayət yekunlaşıb. İctimaiyyətin bir müddətdir diqqət kəsildiyi məhkəmə prosesi - Xalq artisti Ağadadaş Ağayev və “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesində hökm oxunub. Hökmə əsasən, Ağadadaş Ağayevə 2 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, 1 il sınaq müddəti hesab edilməklə cəza şərti hesab olunub. Həmçinin A.Ağayevə qarşı xuliqanlıqda ittiham olunan “MedEra” hospitalın mühafizəçisi Nurəddin Cəlilova da Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Nurəddin Cəlilov 2 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməklə, həmin cəza şərti hesab olunub. Məlumdur ki, xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevlə “MedEra” hospitalının mühafizəçisi arasında ötən ilin iyul ayında yaranmış qarşıdurma zamanı xalq artisti mühafizəçiyə sarı balta atıb, mühafizəçi də ona ağır fiziki zərbələr endirmişdi. Bu hadisə uzun müddət ictimai müzakirələrin mərkəzində oldu. Xalq artistini qınayanlar da oldu, xəstəliyi ilə bağlı haqq qazandırmağa çalışanlar da. Həmçinin, mühafizəçinin də vəzifə səlahiyyətlərini aşdığı qeyd edildi. İş məhkəməyə qədər uzandı, məhkəmədə isə tərəflər arasında barışıq əldə olundu. 

Baş vermiş hadisənin ictimaiyyətə təsiri barədə “Sherg.az"a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxana portalının təsisçisi, kulturoloq Aydın Xan  Əbilov qeyd etdi ki, xalq artisti, sevilən sənətkar Ağadadaş Ağayevin başına gələnlər görünməmiş hadisə deyil. Demək olar hər həftə çoxsaylı bu cür hadisələr baş verir. Amma hadisə iştirakçıları tanınmış şəxslər olmur və ya çəkiliş edilmir deyə gündəmə çevrilmir, maraq kəsb etmir. Ağadadaş Ağayev məhz tanınmış sənətkar, xalq artisti olduğu üçün onun iştirakı ilə baş vermiş hadisəyə bu qədər böyük maraq yarandı, izləndi, müzakirə predmeti oldu:  
- Böyük sənətkarımızın başına gələn bu hadisə göstərdi ki, fərqi yoxdur, dahisən, böyük sənətkarsan, varlısan, kasıbsan, kim olursan ol, qanun qarşısında cavabdeh olacaqsan və məsuliyyət daşıyacaqsan. Çox maraqlı nümunədir və bütün vətəndaşlara nümunə olmalıdır ki, qanunu pozmasınlar. Hadisə baş verdi, kifayət qədər analiz edildi, tənqid edildi. Kaş olmayaydı. Amma olubsa da, mənfi hadisədən də müsbət nələrsə əxz etmək mümkündür. Elm sübut edir ki, təcrübədən, səhvlərdən yararlanaraq onlara düzəliş etməklə bəşəriyyəti irəli aparmaq olur. Düzdür, mən elmlə bilavasitə bu kriminal hadisəni müqayisə etmək istəmirəm, çünki bütün müqayisələr qüsurlu ola bilir. 

Kulturoloq qeyd etdi ki, Ağadadaş Ağayev Azərbaycanın görkəmli sənətkarıdır, Azərbaycan dilində xalq, el mahnılarını, bəstəkar mahnılarının  səsləndirilməsində onun rolu əvəzsizdir: 
- Sovet dövründə dilimiz sıxışdırılan zaman, rus dili təsirinə və sovetin senzurasına qarşı musiqidən, Azərbaycan  poeziyasından, dilindən, xalq mahnılarından Ağadadaş Ağayev və onun kimi sənətdaşları kulturoloji müqavimət kimi istifadə edirdilər. Amma xalqın, dövlətin yolunda ən böyük xidmətiniz, rolunuz olsa da, bu, sizə qanunu pozmağa haqq vermir. Bu kriminal hadisə bir daha sübut edir ki, son illərdə cəmiyyətdə mövcud olan gərginlik, ictimai və sosial həyatımızdakı dəyişkənlik sadə insanlarla yanaşı tanınmış insanların həyatında da böyük iz buraxa bilir. Bu tip hadisələr vaxtilə Avropa ölkələrində də baş verirdi. Avropa bu mərhələni keçdi artıq. İnsanlar buna ictimai-sosial sferada gərginliklə yox, məhz bir-birinə hörmət etmək, bir-birinin ağrısını yaşamaq, bir-birinə kömək etmək, insanların sosial problemlərinə həssaslıq göstərməklə nail oldular. Bizdə təəssüf ki, belə deyil. Yolda sürücülərin bir-birinə qarşı aqressiyasından tutmuş, insanların bir-birinə etinasızlığı, qanunu pozanların digərlərinin üzərinə hücum çəkməsi, haqsızın özünü haqlı hesab etməsi cəmiyyətdə hələ də gərginliyin qaldığını göstərir. Biz qəbul edirik ki, bir sistemdən digərinə keçmişik, biz qəbul edirik ki, Qarabağ müharibəsi, qaçqın və köçkünlük həyatı yaşayanlarımız olub, ərazilərimizi itirmişik, amma bunların heç biri artıq yoxdur. Torpaqlarımız işğaldan azad olundu, köçkünlər doğma yurdlarına qayıdır, Qarabağda nəhəng quruculuq işləri aparılır.... Şəhərimiz böyüdükcə, modernləşdikcə, bir çox problemlərimiz həll olunduqca, biz varlandıqca, xarici avtomobillərə malik olduqca, vəziyyət düzəlməliydi, Avropanın həm də ictimai etik normaları, sivil davranış qaydaları oturuşmalıydı, biz etik davranış qaydalarına riayət etməliydik. Amma əksini görürük. Gəncləri çox tənqid edirik ki, yaşlılara hörmət qoymurlar, ictimai nəqliyyatda yer vermirlər, amma görürük ki, yaşlılar özünü gənclərdən pis aparmağa başlayıb. Toylarda adətən gənclər dava-dalaş salardı, yaşlı insanlar araya girib sakitlik yaradardı, dalaşanları barışdırardı. İndi əksinədir. Yaşlı adamlar içir, başlayırlar dava salmağa. Hər hansı problemi dillə, sözlə həll etmək mümkün olduğu halda, onu balta ilə həll etməyə çalışırlar. İctimai nəzarət, ictimai qınaq olmalıdır ki, belə hadisələr olmasın. Ağadadaş Ağayev sənət adamıdır, tanınmış şəxsdir, onun kimi digər müğənnilər də hərəkətlərinə, davranışlarına diqqət etməlidir ki, gənclər onlardan ibrət götürsün. Problemi balta ilə həll etməyə çalışacaqlarsa, gənclər onlardan nə ibrət götürəcək? Ağsaqqal, sanballı sənətkar Ağadadaş Ağayev belə hərəkət edirsə, görün gənc müğənnilər, hacılar üstə dalaşan müğənnilərin və digər manısların vəziyyəti nə yerdədir. Biz necə ki texnikanı xaricdən gətiririk, övladlarımızı xarici ölkələrə təhsil almağa göndəririk, ictimai münasibətləri, davranış qaydalarını da ölkəmizdə oturuşdurmalıyıq.