N.Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür” adlı tədbir keçirilib -FOTOLAR

Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanovun vəfatından,  eləcə də  yeganə  övladı  Nəcəfə ünvanladığı “Bitməmiş məktub”u  yazmasından  bir əsr ötür... 
Sherg.az xəbər verir ki, bu münasibətlə N.Nərimanovun xatirə muzeyində “Bitməmiş məktub və nakam ömür”  adlı  tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın professoru, tarix üzrə elmlər doktoru Həvva Məmmədova, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva, Azərbaycan Respublikası Prezidenti yanında DİA-nın tarix kafedrasının müdiri, “Azərbaycanın Əməkdar müəllimi”, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, həmin akademiyanın  dosenti, tarix üzrə fəlsəfə doktoru Rəna Bayramova və IV kurs tələbələri, N.Nərimanovun tədqiqatçısı, professor Teymur Əhmədovun oğlu Füzuli Əhmədov, Azərbaycan Milli Tarix Muzeyinin Beynəlxalq əlaqələrlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova, həmin muzeyin baş fond mühafizi Afət Kərimova, “Azərxalça” ASC-nin baş mühafizi, əməkdar mədəniyyət işçisi Nailə Rəhimova,  A.Şaiqin mənzil-muzeyinin müdiri Ülkər Talıbzadə,  muzey fəalları, KİV nümayəndələri  və başqa qonaqlar iştirak ediblər.

  N.Nərimanovun  həyatı başdan-başa təkamül deyilən bir məfhumun izahıdır. Savad, bilik əldə etmək arzusundan doğan təhsil illərindən maarif və mədəniyyətin tərəqqisi uğrunda mübarizəyə, müstəqil fəaliyyət göstərə bilmək üçün həkimlik sənətinə yiyələnmək cəhdindən siyasi mübarizəyə aparan yollarının hər addımı anbaan kamilliyə doğru can atmanın bariz nümunəsidir. Elə bu səbəbdən də onun Bakıda fəaliyyət göstərən xatirə muzeyi N.Nərimanovun doğum  və anım  günlərində onun  şəxsiyyətinə və  zəngin irsinə dəyər verən insanların görüş yerinə çevrilir.
  Muzeyin direktoru Ləman Hüseynova qonaqları salamlayaraq ilk sözü tarix üzrə fəlsəfə dokroru Firdovsiyyə Əhmədovaya verdi.
 O, öz çıxışında N.Nərimanovun ömrünün mühüm hissəsinin qəlbən inandığı və həyatının başlıca vəzifəsi sayaraq müqəddəs amala çevirdiyi xalq işi uğrunda ardıcıl mübarizələrdə keçməsindən, milli maraqları daim üstün tutan rəhbər kimi taleyüklü problemlərə münasibətdə xalqımızın mənafeyini imkanlarının ən son həddinədək müdafiə  etməsindən danışdı. 


  Tədbirdə ilk dəfə olaraq qonaqlara  N.Nərimanovun oğlu Nəcəfə və çox güman ki, onun simasında gələcək nəsillərə xitabən yazılmış “Bitməmiş məktub” -   əlyazmasının əsli təqdim edildi.  Həmin həyəcanlı dəqiqələrdə  dahi mütəfəkkirin  qələmi ilə yazılmış, əlləri ilə təmasda olmuş, zaman keçdikcə saralıb solmuş əlyazmanın məzmunu  189-190 nömrəli orta məktəbin 9-cu sinif şagirdi Ləman Hacıyevanın  ifasında səsləndi. 
  N.Nərimanovun və oğlu Nəcəfin həyatından  mühüm anları  özündə əks etdirən videoçarx  da tədbir iştirakçılarının marağına səbəb oldu. 

İştirakçıların maraqlı düşüncə və rəylərilə davam edən tədbirdə keçmişimizi öyrənmək, tarixi şəxsiyyələrimizin miras qoyub getdikləri zəngin irsdən doğru faydalanmaq fikri üstünlük təşkil edirdi.  
Tədbirin sonunda muzeyin fonduna yeni daxil olan tədqiqat əsərləri, kitab, qəzet, jurnallar və N.Nərimanovun müxtəlif  illərdə çəkilmiş portretlərindən ibarət sərgi nümayiş etdirildi.