“Novruz türk dünyasının milli pasportudur”-RƏY

İlhamə Qəsəbova:  “Bu bayram türk dünyasında zəncirvari şəkildə qorunmalıdır”


Macarıstanda Türk Dövlətləri Təşkilatının Bəyanatında qeyd olunan məsələlərdən biri də Novruz bayramının TDT çərçivəsində qeyd edilməsi olub və bu barədə Katibliyə tapşırıq verilib. Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, 21 martın TDT-də Novruzu anma və bayram günü olaraq elan edilməsindən məmnunluq duyacaq: "Bu il Səmərqənddə keçiriləcək UNESCO-nun 43-cü iclası çərçivəsində 15 dekabrın - Türk Dili Günü kimi elan edilməsi də anlamlı olacaq". 

AMEA Folklor İnsitutunun əməkdaşı, folklorşünas, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova Sherg.az-a deyib ki, Novruz bayramı ortaq türk mədəniyyətidir, türk mədəniyyətinin ortaq abidələrindən biridir. Alimin sözlərinə görə, "Ergenekon" dastanından günümüzədək Novruz bayramı həm də günəşin, işığın, sülhün, əmin-amanlığın, insanların firavan və dostluq çərçivəsində yaşamasının, həmrəy olmasının bayramıdır:
 "Novruz həm də türk mədəniyyətində milli-mənəvi dəyərlərin kompleks şəkildə özündə birləşdirən bir bayramdır. Təsadüfi deyil ki, bu bayram həm də UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olub. Çünki türkçülüyü özündə əks etdirən bir bayramdır. Təbii ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində UNESCO-nun qeyri-maddi mədəni irsi üzrə reprezentativ siyahısına daxil edilməsi həm də türk dünyasında Novruzun ən önəmli ali nöqtələrdə dayanmasına bir işarədir. Novruz bayramı həyatın başlanğıcı sayılır, insanın, torpağın dirilməsi sayılır. Novruz həm də çoxmillətli bir bayramdır. Azərbaycanla yanaşı, Türkiyədə, Özbəkistanda, Qırğızıstanda, eləcə də Hindistanda, Pakistanda, Güney Azərbaycanda, İranda bu bayram çox möhtəşəm şəkildə keçirilir. UNESCO-nun da qeyri-maddi mədəni irs siyahısına daxil olmasının da səbəblərindən biri də ortaq türkün mənəvi dəyərlərinin simgəsi olmağı, bəşəri milli dəyərləri özündə ifadə etməsidir. Novruz bayramının türk dünyasında tanıdılması, beynəlxalq Novruz günü elan olunmasına, həm də bütün türk ölkələrində, eyni zamanda Tacikistanda, Əfqanıstanda bu bayramın keçirilməsi, önəm verilməsi məqsədəuyğundur. Türk dövlətlərinin kompleks şəkildə milli-mənəvi dəyərlərini Novruz bayramında axtarıb tapması, türkün barış istəməsi, qohumluq əlaqələrini daha da birləşdirməsi, küsülülərin barışması, bayram süfrələrində mətbəxt mədəniyyətinin göstərilməsi torpağa olan sayğının dəyəridir". 

Folklorşünas əlavə edib ki, Novruz bayramı ortaq türk mədəniyyətində bütün türk xalqlarının özünüdərki, milli pasportu deməkdir:
 "Bu mənada Novruz bayramı üçün atılmış bu addım, verilən dəyər çox önəmli məsələdir. Ümumiyyətlə, Novruzun bütün türk dünyasında qeyd olunması çox əhəmiyyətli və diqqətəlayiqdir. Çox istərdim ki, Novruz bayramı qardaş Türkiyədə də çox gözəl şəkildə keçirilsin. Ortaq Novruz adət-ənənələri birləşdirilsin. Türk dünyasında bu milli dəyərlərin zəncirvari qorunub saxlanmasına bütün türk dövlətləri və millətləri olaraq həmrəy şəkildə öz dəstəyimizi göstərməliyik".