Türkiyənin Kayseri şəhərində Azərbaycan incəsənətinin təbliği məqsədi ilə maraqlı konsert proqramı təqdim olunub. Türkiyədəki Səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Şuşa Azərbaycan Evi və Kayseri Universitetinin dəstəyi ilə Kayseri Universitetinin ev sahibliyində keçirilən tədbir Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar arasında birlik və həmrəyliyi möhkəmləndirən mühüm bir tarix olduğunu vurğuladı. Samir Abbasov çıxışında Azərbaycan türklərinin həmrəyliyinin təkcə milli məna daşımadığını, eyni zamanda bütün Türk Dünyasının birlik və bərabərliyinə töhfə verən güclü bir amil olduğunu qeyd edib. O, Azərbaycan-Türkiyə tarixi dostluğu və qardaşlıq münasibətini vurğulayaraq, Azərbaycanın zəngim mədəniyyəti və incəsənətinin Türkiyədə tanıdılması istiqamatində görülən işlər barədə danışıb. 

Tədbirdə çıxış edən Kayseri Universitetinin rektoru Kurtuluş Karamustafa Türkiyə ilə Azərbaycan arasında mövcud olan köklü qardaşlıq münasibətlərinin təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqlar vasitəsilə daha da möhkəmləndiyini qeyd edərək, universitet olaraq bu cür beynəlxalq mədəni tədbirlərə ev sahibliyi etməkdən məmnunluq duyduğunu vurğuladı. Şuşa Azərbaycan Evinin rəhbəri Elşən Gənbərov isə çıxışında Azərbaycanın tarixi və mədəniyyətinə diqqət çəkərək, milli-mədəni dəyərlərin yaşadılmasının və tanıdılmasının vacibliyini dilə gətirdi.
Proqram çərçivəsində təqdim olunan bədii çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat, opera sənətçisi Fidan Hüseynova xalq mahnılarımızı ifa ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan Rüzgarı” Muğam Poeziya Qrupu və “Zəngəzur” Azərbaycan Xalq Rəqsləri Ansamblının səhnə çıxışları Azərbaycan muğamları, milli rəqslərimizin ifası maraqla qarşılanıb.