Prezident Xalq artisti ilə bağlı nekroloq imzaladı
Yusif Nəzərli
12:32 10.04.2023
Mədəniyyət
651
Prezident İlham Əliyev Akademik Milli Dram Teatrının bədii rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıb.
“Sherg.az” xəbər verir ki, nekroloqda deyilir:
“Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, görkəmli rejissor, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, professor Azər Paşa Zəfər oğlu Nemətov 2023-cü il aprelin 9-da ömrünün 76-cı ilində vəfat etmişdir.
Azər Paşa Nemətov 1947-ci il avqustun 13-də Bakı şəhərində anadan olmuşdur. Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra o, 1965–1970-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1967-ci ildən Azərbaycan Respublikası Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsində rejissor assistenti kimi başlayan Azər Paşa Nemətov 1970-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda assistent olmuş, 1973-1974-cü illərdə isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor işləmişdir. O, 1974-1976-cı illərdə indiki Sankt-Peterburq şəhərində Leninqrad Gənc Tamaşaçılar Teatrında rejissor-stajor olaraq çalışdıqdan sonra 1977-ci ildə Bakıya qayıdaraq fəaliyyətini yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında davam etdirmiş və burada 1990-cı ilədək quruluşçu rejissor, baş rejissor və bədii rəhbər vəzifələrində çalışmış, 1990-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında quruluşçu rejissor olmuş, 2015-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri - baş rejissoru, 2016-cı ildən isə Teatrın bədii rəhbəri - direktoru vəzifəsini tutmuşdur.
Azər Paşa Nemətov 1992-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri seçilərək ömrünün sonunadək İttifaqa rəhbərlik etmişdir.
Azərbaycan teatr sənətinin inkişafında Azər Paşa Nemətovun yüksək ictimai məsuliyyət hissinə malik və müasir teatr texnologiyalarını ustalıqla mənimsəmiş sənətkar kimi özünəməxsus xidmətləri vardır. Milli Dram Teatrının səhnəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi tamaşalar daim özünün parlaq rejissor həlli ilə seçilmiş, yenilikçi ruhu sayəsində teatr mühitində rəğbətlə qarşılanmış və mütəxəssislər tərəfindən layiqli qiymətini almışdır. Həmin tamaşalar ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif festival və müsabiqələrdə də uğurla nümayiş etdirilmişdir.
Azər Paşa Nemətov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər səmərəli pedaqoji fəaliyyət göstərmiş, tədris etdiyi rejissorluq sənətinin əsaslarını yetirmələrinə mənimsətmək üçün qüvvə və bacarığını əsirgəməmişdir.
Respublikanın mədəni-ictimai həyatının fəal iştirakçısı olan Azər Paşa Nemətovun Azərbaycan Teatr Xadimləri İttifaqına rəhbərlik etdiyi illərdə ölkənin teatr həyatında bir çox təqdirəlayiq işlər görülmüşdür.
Azər Paşa Nemətovun Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” və 2002-ci ildə “Xalq artisti” fəxri adlarını almış, 2007-ci ildə müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət”, 2017-ci ildə 2-ci dərəcəli “Vətənə xidmətə görə” və 2022-ci ildə “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Görkəmli sənətkar, mahir pedaqoq və səmimi insan Azər Paşa Zəfər oğlu Nemətovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Anar Rzayev
Firəngiz Əlizadə
Fərhad Xəlilov
Şəfiqə Məmmədova
Rasim Balayev
Hacı İsmayılov”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm