Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər Rayon Mədəniyyət Sarayında I Aşıq Festivalının yekun konserti keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının, Kəlbəcər Rayon İcra Hakimiyyətinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin ozan-aşıq sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi, milli musiqi və ədəbi irsimizin geniş təbliği, ustad sənətkarların yaradıcılıq irsinin yaşadılması, gənc istedadların üzə çıxarılması və bu sənətin gələcək nəsillərə ötürülməsidir.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov aşıq sənətinin Azərbaycan xalqının milli-mədəni irsində tutduğu mühüm mövqedən, bu sənətin qorunması, inkişaf etdirilməsi və geniş ictimaiyyət arasında təbliğinin əhəmiyyətindən bəhs edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov qədim və zəngin saz-söz ənənələrinə toxunaraq, Dədə Şəmşirin yaradıcılıq irsinin milli mədəniyyətimizdəki xüsusi yerini vurğulayıb. O, ustad sənətkarın adını daşıyan festivalın zəngin mədəni irsimizin tanıdılması və yaşadılması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə çıxışında festivalın aşıq sənətinin inkişafına, ənənəvi ifaçılıq məktəbinin qorunmasına, gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına və milli musiqi irsimizin təbliğinə verdiyi töhfələrdən danışıb.
Çıxışlardan sonra festival çərçivəsində keçirilmiş aşıq müsabiqəsinin laureatlarının mükafatlandırılması mərasimi olub.
Mükafatlandırma mərasimindən sonra festivalın bədii proqramı təqdim olunub. Konsert proqramında Azərbaycan aşıq sənətinin seçmə nümunələri, müxtəlif aşıq havaları, xalq mahnıları və milli musiqi əsərləri ifa edilib. Saz ifaçılarının, xor və orkestr kollektivlərinin çıxışları tamaşaçılara zəngin musiqi təəssüratları bəxş edib. Ənənəvi saz ifaçılığının vokal və kollektiv ifalarla vəhdəti Azərbaycan musiqi mədəniyyətinin zənginliyini, aşıq sənətinin bədii-estetik imkanlarını və çoxəsrlik ifaçılıq ənənələrini nümayiş etdirib.
Festivalın yekun konsertində görkəmli saz-söz ustadı Dədə Şəmşirin yaradıcılıq irsinə xüsusi yer ayrılıb. Onun Azərbaycan aşıq sənətinin zənginləşdirilməsindəki xidmətləri, yüksək poetik istedadı, dərinməzmunlu şeirləri və saz-söz ənənələrinin yaşadılmasındakı rolu bir daha diqqətə çatdırılıb.
I Aşıq Festivalı Azərbaycan xalqının zəngin musiqi və ədəbi irsinin təbliği, aşıq sənətinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm mədəni hadisə kimi yadda qalıb.