- "Azərbaycan Ermənistanın arxasında dayanan güclərə tarixi dərs verdi"
Zəfər Günü Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsidir. Bu qələbə ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsində və regionda yeni reallıqların formalaşmasında xüsusi rol oynayıb. Qələbədən sonra Azərbaycanın qazandığı siyasi və diplomatik uğurlar, eləcə də Zəfərin gələcək nəsillər üçün əhəmiyyəti bu gün də diqqət mərkəzindədir.
Millət vəkili Tural Gəncəliyev Sherg.az-a Zəfər Gününün xalqımızın tarixində ən şərəfli günlərdən biri olduğunu bildirib:
"Bu gün Azərbaycanın müasir tarixində mühüm zirvə nöqtəsidir. Ermənistan üzərində qələbə qazanmaqla Azərbaycan həm də yeni reallıqlar yaratdığını bütün dünyaya nümayiş etdirdi.
Zəfər nəticəsində Azərbaycan orta güc dövlətinə çevrildi və beynəlxalq müstəvidə öz mövqelərini daha da möhkəmləndirdi. Ölkəmiz beynəlxalq təşkilatlar çərçivəsində yeni gündəm formalaşdırmağa başladı. Ermənistanın işğalçı qüvvələrinin kapitulyasiyası ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası da təmin olundu. Beləliklə, biz beynəlxalq ictimaiyyətin də gözlədiyi və məmnuniyyətlə qarşıladığı nəticəyə nail olduq.
Zəfər Azərbaycan tarixində yeni bir səhifənin başlanğıcı oldu. Qələbədən sonra ölkəmiz bir sıra beynəlxalq təşkilatlara sədrlik etməyə başladı. Bu baxımdan, xüsusilə Qoşulmama Hərəkatına sədrlik, COP29 tədbirinin keçirilməsi, Ümumdünya Şəhərsalma Forumuna, AQEM-in Zirvə toplantısına və Türk Dövlətləri Təşkilatına ev sahibliyi və sədrlik kimi mühüm hadisələri qeyd etmək olar".
Parlamentari qeyd edib ki, bütün bunlar ölkəmizin nə qədər böyük potensiala malik olduğunu göstərib:
"Zəfər vaxtilə Ermənistan vasitəsilə Azərbaycanın imkanlarını məhdudlaşdırmağa çalışan qüvvələrə də verilmiş tutarlı cavab idi.
Zəfər bir daha sübut etdi ki, Ermənistan və onun arxasında dayanan böyük güclər nə qədər qüdrətli olsalar da, xalq-iqtidar birliyi, ordumuzun gücü və xalqımızın vətənpərvərliyi bütün bu amilləri neytrallaşdırmağa qadirdir. Vaxtilə dünyanın üç böyük dövlətinin- BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Fransa, Rusiya və ABŞ-nin sanki ortaq mövqe nümayiş etdirərək Ermənistan-Azərbaycan münaqişəsinin dondurulmasına və Ermənistan işğalının uzadılmasına çalışdığı bir şərait idi. Bu şəraitdə Azərbaycan xalqı, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu bu planları alt-üst etdi.
Biz tarixi Zəfərimizi qazandıq və bununla da bu problemin gələcək nəsillərə ötürülməsinə imkan vermədik".
Deputat vurğulayıb ki, bu gün Zəfər Günü artıq bütün Qarabağ üzərində suverenliyimizin bərpa edildiyi şəraitdə qeyd olunur:
"Azərbaycan dünyanın güclü ordularından birinə malik, qüdrətli və vətənpərvər dövlət kimi bundan sonra da ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hər hansı təhlükənin yaranmasına imkan verməyəcək".