Vasadze: Bakı ilə İrəvan arasında sülh sazişində ərazi iddiası qalmamalıdır, İlham Əliyevin şərt qoyması realdır

Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı dediyi real şərtdir.

Bunu “Report”a açıqlamasında Şuşada keçirilən II Qlobal media forumunda iştirak edən “Novosti Kavkaza” kanalının prodüsseri və aparıcısı Gela Vasadze deyib.

O qeyd edib ki, ciddi sülh sazişində, təbii ki, bir tərəfin digərinə qarşı ərazi iddiası olan müddəalar qalmamalıdır.

G.Vasadze vurğulayıb ki, sülh sazişi bağlandıqdan sonra xalqlar arasında qarşılıqlı etimadın qurulması qarşıda duran ən çətin məsələdir:

“Ekspertlər səviyyəsində dialoq mümkündür. Amma bundan başqa sadə insanlar var. Mən onlarla danışanda görürəm ki, başlarına gələnləri unuda bilmirlər. Onlar çox sadə sual verirlər – niyə, hansı səbəbdən mən bunu yaddan çıxarmalıyam? Yəqin ki, həmin insanların nəvələri və nəvələrindən sonra gələn nəsillərdə bu ağrı bir az azalacaq”.