“Meydan Ramiz Mehdiyev meydanı deyil” - MÜSAHİBƏ

“O kimdir ki, onun nazı ilə oynasınlar?” 

“Onlar imkan olduqca yığışdırılacaq və yaxud onların da haqqında tədbirlər görülməyə başlanılacaq”

“Ümumilli reform proseslərində bir ovuc “Beşinci kolon” nümayəndələrinin nəsə edəcəyini  düşünmək çox çətindir”

“Hətta mən deyərdim ki, ölkənin müəyyən əlaltı funksiyasını yerinə yetirən qüvvələrdən arınması prosesi  daha sürətlə gedəcək”



Sabiq dövlət müşaviri  Qabil Hüseynli “Sherg.az” a danışıb
Müsahibəni təqdim edirik. 

-Dünən Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tutdu. İddialar da var ki, Rusiyasız yekun sülh mümkün olmayacaq. Siz necə düşünürsünüz?

-Zənnimcə, son hadisələr bu məsələdə Rusiyanın rolunu heçə endirməsə də, çox aşağı səviyyəyə salır. Çünki Qərb də artıq Rusiyanı bütün proseslərdən uzaqlaşdırır. Üstəlik, məncə, Rusiyanın bu proseslərdən uzaqda dayanması  və prosesləri postsovet məkanındakı öz məntiqinə uyğun sürətdə tənzimləməyə çalışması ən azından Azərbaycanın xeyrinə olmayacaq. Mən Qərbin, Avropa Birliyinin rolunu şişirtmək istəmirəm. Amma hər halda Avropa birliyi ilə daha səmimi müzakirələr aparmaq mümkündür. Rusiya ilə müqayisədə daha ciddi nəticələrə nail olmaq olar. 

- Fərrux yüksəkliyinin azad edilməsindən sonra rus sülhməramlılarının Azərbaycandan çıxarılmasına dair müəyyən fikirlər ortaya atıldı. Artıq sülhməramlılar təxribatların qarşısını almır, əksinə özü təxribatlar törədir və ya buna şərait yaradır. Necə düşünürsünüz, rus sülhməramlıları vaxtından əvvəl çıxara bilərikmi ? Biləriksə, bu, Rusiya – Azərbaycan münasibətlərinə təsiri necə olar?

-Burada Ermənistanın rolu da əhəmiyyətlidir və bu prosesə Ermənistanın da qatılması vacibdir. Amma çox ağlagəlməz proseslər gedir.

-Məsələn?

-Ukraynanın Rusiyanı bütün istiqamətlər üzrə sıxışdırması, Qərbin bu sıxışdırma kampaniyasına təsir göstərməsi və Qərbin özünün də Rusiyanı tam təcridetmə kampaniyasına girişməsidir. İndi bu şəraitdə, zənnimcə, bölgədəki rus sülhməramlı qüvvələrin nə edəcəyi məsələsini də gündəmə gətirmək olar. Rusiya dünən əzəmətli, qorxunc, postsovet məkanında hegemon görünürdü. Rusiya haqqında dünən söylədiklərimizi bu gün təsəvvür edə bilmərik. Sabah isə heç təsəvvür edə bilməyəcəyik. Proseslər elə bir səviyyəyə çatacaq ki, Rusiyada gedən prosesləri dünyada yeni nizamın qurulması və bütövlükdə çoxqütblü dünyanın tələblərinin dəyişməsi  və.s bucaqlar altında izləməli olacağıq. Ona görə də güman etmirəm ki, rusiyanın Cənubi Qafqazda rolu yenə də həmişəki kimi ötkəm olacaq. Bu mümkünsüzdür. Fikrimcə, Rusiyanın Cənubi Qafqazadakı mövqeyini qardaş ölkə Türkiyə çox asanlıqla doldura biləcək.

-Birinci və İkinci Qarabağ münaqişəsi dönəmində Fransa və bir sıra Avropa ölkəsi Ermənistanı dəstəkləyib. İndi Rusiya – Ukrayna müharibəsində Ermənistan ictimaiyyəti və  Paşinyan hökümətinin özü Rusiyanın Avropa Şurasından çıxarılması prosesində rəsmi Moskvanın lehinə səs verdi.  Eyni zamanda, Ermənistandakı daxili aksiyalarda Rusiyaya dəstək ifadə olunur. Yəni rəsmi İrəvan işğalçının yanında yer alıb. Amma Qərb buna süst yanaşır...

-Ermənistanın əl altından gördüyü işlərin hamısı artıq üzə çıxıb.  4 “SU-30” təyyarəsini göndərib. Suriyadan könüllü dəstələri qəbul edib, Ukraynaya qarşı döyüşə göndərib. Üstəlik, Ermənistan Rusiyaya qarşı tətbiq edilən sanksiyalarda qətiyyən iştirak etməyib. Bunların hər biri faktdır. Güman edirəm ki, bunların üstü açılıb və Qərb artıq bunu bilir. Bununla bağlı Qərbin müəyyən münasibət bildirməməsini xristianlığın vədi və ikili standartların təzahürü kimi də yozmaq olar. Amma qənaətimcə, bunun üstünü həmişə ört-basdır etmək mümkün olmayacaq. Ən azından Azərbaycan bunu Ermənistanın və onun dəstəkçi qəyyumlarının üzünə çırpacaq və bu Ermənistan hakimiyyət orqanlarına qarşı mübarizə vasitəsi kimi istifadə ediləcək.  Hər halda, hesab edirəm ki, ABŞ-ın Ermənistana humanitar, maliyyə yardımının azaldılması bunun göstəricisidir. Gələcəkdə oxşar hadisələr gündəmə gələ bilər.

-İddialar var ki, Rusiya-Ukrayn müharibəsi 3-cü dünya müharibəsinə səbəb ola bilər. Hətta fikirlər var ki, Rusiya-Əfqanıstan müharibəsi  SSRİ-ni çökdürdü, Rusiya-Ukrayna müharibəsi də müasir Rusiyanı çökdürəcək. Siz necə düşünürsünüz, bu müharibədə kim uduzacaq, kim udacaq?

-Ukrayna bu məsələdə qalib olacaq. Rusiya isə məğlub duruma düşəcək. Bu artıq bir sıra ələmətlərdən görünür. Üstəlik, Qərb də bu proseslərdə qalib olacağı düşüncəsi var. Amma Rusiyanın 3-cü Dünya müharibəsinə səbəb olacağı haqqında olan fikirləri düşünməkdə çətinlik çəkirəm. Çünki birincisi, nüvə silahlarına görə, Qərb Rusiyanı çox qabaqlayıb. İstənilən halda, dünya müharibəsi variantını sırf əzələ nümayişi və şantaj vasitəsi kimi görürəm. Hesab etmirəm ki, bu baş verəcək.    

-Azərbaycan və Böyük Britaniya münasibətləri inkişaf edir. Bundan başqa, Azərbaycan İtaliya birgə universiteti açılır. İtaliyada Azərbaycanın Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır. Bir digər tərəfdən İsrail Azərbaycan münasibətləri inkişaf edir. Bilirik ki, Amerika İsrail münasibətləri çox istidir. Artıq Azərbaycanın üzünü Qərbə tərəf çevirdiyi aydın görünür.  Bu əməkdaşlıqların inkişafı Azərbaycana nə vəd edəcək?

- Azərbaycan Qərbə inteqrasiya siyasətini davam etdirir. Bu sahədə də böyük uğurlara imza atıb. Zənnimcə, Britaniya, İsrail, eləcə də İtaliya ilə münasibətlər strateji önəm kəsb edir. Bu münasibətlərin inkişafı Azərbaycanın özünün də dəyişməsinə gətirib çıxarılmalıdır. Hesab edirəm ki, Azərbaycan özünün konstitusiyasında da yazıldığı kimi dünyəvi, demokratik dövlət qurmaq yolunda islahatlarını davam etdirir.  Bu islahatlar artıq özünün yeni fazasına daxil olacaq. O faza ki, orada yeni parlament seçkiləri, qanunverici və icraedici hakimiyyətlər arasındakı fərqlərin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti  sisteminin tamamilə reforma edilib, yenidən qurulması və.s Güman edirəm ki, bu proseslər hakimiyyətin diqqət mərkəzindədir.

- Ölkəmizdə “5-ci kolon”un olmasına dair iddialar var. Necə düşünürsünüz, həmin qüvvələr Azərbaycandakı uğurlu prosesləri sabotaj edə bilərlərmi?


-“Beşinci kolon” həqiqi mənada özünün son dövrlərini yaşayır. Çünki Rusiyanın dünyadakı təsiri zəifləməklə onların postsovet məkanındakı təsir dairələri də zəifləyir. Azərbaycanda isə bu təsir dairəsini zəiflədən çox amillər var. Onlar imkan olduqca yığışdırılacaq və yaxud onların da haqqında tədbirlər görülməyə başlanılacaq. Ümumilli reform proseslərində bir ovuc “Beşinci kolon” nümayəndələrinin nəsə edəcəyini  düşünmək çox çətindir. Hətta mən deyərdim ki, ölkənin müəyyən əlaltı funksiyasını yerinə yetirən qüvvələrdən arınması prosesi  daha sürətlə gedəcək.

-Bu bir ovuc adamı yığışdırmaq elə çətindirmi? Yoxsa bu proses başlanılsa, ölkəmizə xarici təzyiqlər ola bilər?

- Heç də çətinliyi yoxdur. Hesab edirəm ki, onlara qarşı mübarizədə yetəri qədər siyasi iradə nümayiş etdirilmir. Ramiz Mehdiyev kimdir ki, onun nazı ilə oynasınlar? Meydan Ramiz Mehdiyev meydanı deyil. Bu cür adamların yeganə dayağı oturduğu kreslodur. Vəzifədən azad olunduqdan sonra bütün təsir imkanlarını itirdi. Ona görə zənnimcə, mənfur qüvvələrdən arınmaq üçün lazımı tədbirlər görüləcək. Azərbaycan dövlətçiliyi qüvvətlidir, qüdrətlidir, bölgənin super gücüdür. Bu missiyanı yerinə yetirmək üçün də əl-qola dolaşan müəyyən adamlardan çəkinmədən xilas olmaq lazımdır.

-“Şuşa Bəyannaməsi” “Moskva Bəyannaməsi”ndən nəyi ilə güclüdür və nəyi ilə zəifdir?

- “Şuşa bəyannaməsi”ni mən Moskva bəyannaməsi ilə müqayisə etməkdə çətinlik çəkirəm. “Şuşa Bəyannaməsi” sözün həqiqi mənasında iki qardaş ölkənin bağldığı strateji müttəfiqlik sənədidir. Onun bütün müddəalarından səmimiyyət, məhəbbət və böyük hörmət hissi yağır. Rusiyada bağlanmış müqavilə  siyasi gediş kimi də qəbul edilə bilər. Amma Azərbaycan öz qonşuları ilə münasibətləri qaydasında saxlamaq istəyir, bu təbiidir. Moskva ilə imzalanmış həmin  sənəddə ən azından Rusiya ilə münasibətləri yaxın qonşuluq münasibətləri səviyyəsində təqdim etməyi hədəfləyir. Bu məsələlərin  dərinliyinə baş vurmadan deyə bilərəm ki, inkişafımızın əsasını “Şuşa Bəyənnaməsi” müəyyənləşdirəcək. Biz həmin bəyannamənin ruhuna uyğun da hərəkət edəcəyik.

-Kürəkəniniz, şəhid pilotumuz Rəşad Atakişiyevin faciəvi ölümü ilə bağlı detallar açıqlandımı? Sizə son olaraq nə deyildi?

-  Bu məsələnin təfərrüatları tam açılmayıb. Bəlkə də,  “yuxarı”lara bu hadısənin səb ələri bəllidir. Mənim araşdırılmalarıma baxmayaraq, mənə və ailəsinə yarım-qaranlıq formasında məlumat  alırıq. Ona görə də hələ də şübhələr, iddialar var. Amma birmənalı sürətdə açıq faktlar yoxdur. Bu səbədən də hələ ki, prosesi zamanın öhdəsinə buraxırıq.

Söhbətləşdi: Çimnaz Şahlar, Ayyət Əhməd