Qulamhüseyn Əlibəyli: “Ermənistan hökuməti proseslərin onların istədiyi məcraya yönəlməsi üçün gözləmə mövqeyindədir”
Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qalmaq şərti ilə sülh sazişinin imzalanmasına nail olmağa çalışır
Oktyabrın 24-də Kazan şəhərində BRICS Sammiti çərçivəsində Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirildi. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər. İki ölkənin xarici işlər nazirlərinə sülh sazişi üzərində işlərin tez zamanda yekunlaşdırılması və imzalanması üçün danışıqları davam etdirmək barədə təlimat verildi. Liderlərin öncəki görüşlərindən fərqli olaraq, budəfəki məlumatda tərəflər arasında xeyli vaxtdır müzakirəsi gedən və rəsmi açıqlamalarda mətninin əksər hissəsinin razılaşdırıldığı bildirilən sülh sazişinin adı da qeyd olundu. Paralel olaraq görüşdən sonra hər iki ölkənin prezidentləri sərhədlərin delimitasiyası və demarkasiyası üzrə fəaliyyət göstərən komissiyaların yaradılması barədə qərarını təsdiqlədilər. Bəzi şərhçilərə görə, Kazan görüşü prosesdə müəyyən irəliləyişə zəmin yarada bilər. Lakin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalması sülhün önündəki ən böyük əngəl sayılır. İrəvan hökumətinin Bakının şərtlərini qısa zamanda yerinə yetirib-yetirməyəcəyi bəlli deyil. Sülh prosesi ətrafında cərəyan edən proseslərlə bağlı "Şərq"in budəfəki müsahibi keçmiş millət vəkili, politoloq Qulamhüseyn Əlibəylidir. Siyasi şərhçi qəzetimizə müsahibəsində Ermənistanın sülhdə səmimi olmasına ehtimal vermədiyini deyib. Onun sözlərinə görə, İrəvan hökumətinin atdığı addımlar da bu qənaəti gücləndirir...
- Qulamhüseyn bəy, Kazanda Azərbaycan və Ermənistan rəhbərliyi arasında baş tutan görüşü necə dəyərləndirirsiniz?
- Əslində, Kazan görüşü növbəti, adi görüşlərdən biri kimi nəzərdən keçirilməlidir. BRICS sammitini təşkil edən Rusiya tədbir çərçivəsində öz imkanlarından da istifadə etdi. Uzun müddətdir Rusiya Azərbaycan və Ermənistan arasında keçirilən görüşlərdə moderatorluq etmirdi. Proses sanki daha çox Qərbin, ABŞ və Avropa Birliyinin moderatorluğunda idi. Düzdür, son dönəmlərdə mümkün irəliləyişlər ikitərəfli, vasitəçisiz təmaslarla reallaşmışdı. Amma kənar oyunçular prosesdə yer almaq təşəbbüslərindən əl çəkmirlər. ABŞ və Avropa ölkələrinin son mövqeyi göstərdi ki, onlar moderatorluqdan uzaqlaşmağa başlayıb. Qərb Azərbaycana şərtlər diktə etməyə başladı. Ona görə də Bakı haqlı olaraq Avropa Birliyinin moderatorluğundan imtina etdi. Aydındır ki, Rusiyanın moderatorluğu da bizə bugünədək heç nə verməyib. Moskvanın təşəbbüsləri ilə Azərbaycan və Ermənistan rəhbərliyi, rəsmiləri arasında bir neçə görüş keçirilib. Rusiya elə bir görüntü yaratmağa çalışır ki, guya hələ də İrəvan-Bakı arasındakı məsələləri həll etməyə qadir olan, buna imkanları yetən bir dövlət statusundadır. Moskva hazırkı proseslərdən çıxış yolunu "sülh təşəbbüsündə" görür. Ona görə də Kazan görüşünü bütövlükdə Rusiyanın Qərb ölkələrinə güc nümayişi, "mən də varam" mesajı kimi dəyərləndirmək mümkündür. Ümumiyyətlə, Rusiya BRICS sammiti ilə göstərməyə çalışırdı ki, Ukrayna ilə müharibə aparmasına baxmayaraq, onu da müdafiə edən, yanında duran, əməkdaşlıq edən ölkələr var. Sözün açığı, Moskva Azərbaycanın da onun yanında olduğunu göstərmək istədi. Amma birmənalı deməliyik ki, Azərbaycan Rusiyanın çətiri altında deyil. Ola bilər, Kazan görüşü V.Putinin təşəbbüsü, yaxud N.Paşinyanın xahişi ilə reallaşıb. Ancaq Paşinyanla dövlət başçısı İlham Əliyevin Kazanda ikitərəfli görüşə üstünlük verməsinin özü ona dəlalət edirdi ki, Bakı vasitəçisiz görüşlərdə daha çox maraqlıdır. Bakı qarşı tərəflə görüşlərdən, müzakirələrdən imtina etmir. Fransa kimi qərəzli ölkələr istisna olmaqla digər dövlətlərin bu istiqamətdə təşəbbüsləri də xoş qarşılanır. Regiona dəxli olmayan dövlətlərin Bakı-İrəvan görüşünü təşkil etməsi, prosesdə iştirakçı olması isə qəbulolunmazdır. Şübhəsiz, Rusiya da buradan özünə xal qazanmağa çalışırdı.
- Görüş sülh prosesinə hansısa formada təkan verəcəkmi?
- Kazan görüşündə çox əhəmiyyətli irəliləyiş olmadı. Amma hər görüşü prosesə müəyyən töhfə kimi şərh etmək olar. Budəfəki görüşdə də sərhədlərlə bağlı dövlət komissiyaslarının təşkil olunması və prezidentlərin təsdiqləməsi müsbət addımdır. Lakin problem ondadır ki, Paşinyan hökuməti etimadı doğrultmur, üzərinə götürdüyü öhdəlikləri tam və sonadək icra etmir. "Razılıq oldu" bəyanatından qısa müddət sonra müxtəlif bəhanələrlə əməli addımdan yan qaçırlar. Nazirlərə təlimatları verilməsi önəmlidir, ancaq İrəvan hökuməti Bakının addımlarına adekvat davranacaqmı? Məncə, Paşinyan Kazanda da növbəti oyunlarından birini oynadı. Azərbaycanın konkret tələbləri ortadadır. Bakının əsas şərti odur ki, Ermənistan öz konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarından birdəfəlik rəsmən imtina etsin. İrəvan hökumətinin isə belə bir niyyəti yoxdur. Paşinyan Konstitusiya ilə bağlı referendumu 2026-27-ci illərdə keçirəcəyini deyir. Ermənistan israrla tələb edir ki, sülh sazişi razılaşdırılmış mövcud bəndlər əsasında, yəni yarımçıq sənəd kimi imzalansın. İrəvan hökuməti istənilən zaman natamam sülhün öz konstitusiyasına zidd olduğunu bəhanə edərək sənəddən imtina edə bilər. O baxımdan yarımçıq sülhə getmək olmaz. Görüşlərin, müzakirələrin davam etdirilməsi vacibdir. Əks halda problemlər həll edilmədən qalacaq. Ermənistan ilk növbədə Konstitusiyasını dəyişməli və hələ də işğalda olan 4 kəndimizi geri qaytarmalıdır. Ondan sonra İrəvanın səmimiyyətinə inanmaq olar.
- Konstitusiya referendumunu 2027-ci ilədək təxirə salan İrəvan hökumətinin məqsədi nədir?
- Məqsəd vaxtı mümkün qədər uzatmaqdır. Bir müddət Fransaya arxayın olur, sonra ABŞ-yə güvənir, sabah başqa himayədar tapacaq. Ermənistandakı Avropa İttifaqının "mülki missiyası" da İrəvanı arxayınlaşdırır. Paşinyan hökuməti proseslərin onların istədiyi məcraya yönəlməsi üçün gözləmə mövqeyindədir. Konstitusiyanın dəyişdirilməsi məsələsi olduqca önəmlidir. Azərbaycan öz gücü hesabına 30 illik erməni işğalına son qoydu, torpaqlarını azad etdi və separatizmi ortadan qaldırdı. İndi də sülh məsələsi gündəmdədir. Ermənistan Azərbaycana qarşı ərazi iddiaları qalmaq şərti ilə sülh sazişinin imzalanmasına nail olmağa çalışır. Əgər mövcud Konstitusiyaya görə Qarabağ hələ də "Ermənistan ərazisi" kimi qəbul olunursa, İrəvanla necə sülh bağlamaq olar?! Ermənistan tərəfi "sülh sənədi daxili qanunvericilikdən üstündür" desə də, bunun hüquqi əsası, dayanağı yoxdur. Ermənilərdən bu cür hiylələri çox görmüşük. Ermənistandan öz konstitusiyasında daxili məsələylə bağlı dəyişiklik tələb etmirik. Şərtimiz odur ki, bizə qarşı ərazi iddiaları hüquqi aktlardan çıxarılsın. Ermənistanın gələcəkdə həmin müddəaya istinad etməyəcəyinə qarantiya yoxdur. İrəvan israrla buna qarşı çıxırsa, deməli, revanşist düşüncələrini hələ davam etdirirlər.
- Rusiyanın son günlərdə Zəngəzur dəhlizi ilə bağlı fəallığı göz önündədir. Paşinyanın "dəhlizdə Rusiya monitorinq apara bilər" açıqlaması da müzakirələrə yol açdı. Moskvanın dəhliz söhbətini qabartması nəylə bağlıdır?
- Rusiya Cənubi Qafqazda əsas güc sahibi olduğunu sübut etməyə çalışır. Onu regiondan sıxışdırıb çıxartmaq istəyən Qərb dövlətlərini bölgəyə buraxmaq istəmir. Dirəniş göstərir. İranla, Azərbaycanla, Ermənistanla danışıqlar aparmaqla bölgə dövlətlərinə təsir imkanlarının qaldığını göstərmək istəyir. Hələ 2020-ci ildə Rusiya Azərbaycana öz sülhməramlı qoşunlarını yerləşdirəndə demişdim ki, Moskva bölgəyə sadəcə ermənilər üçün gəlməyib. Kremlin məqsədi odur ki, Çindən, Orta Asiyadan Cənubi Qafqaz regionu ilə Avropaya gedən kommunikasiya xətlərinə nəzarəti öz əlində saxlasın. Bu, Rusiyanın geostrateji məqsədlərinə uyğun gələn yanaşmadır. Son günlərdə həm sülh, həm də dəhlizlə bağlı aktivlik bununla bağlıdır. Monitorinq məsələsi isə mənasızdır. Müharibədən sonra Qarabağda Rusiya-Türkiyə birgə monitorinq mərkəzi də yaradıldı. Amma heç bir fəaliyyət sərgiləmədi. Burada əsas olan Zəngəzur dəhlizinə tam nəzarəti ələ keçirməkdir. Ona görə də dəhlizə nəzarəti birbaşa nə Rusiyanın, nə Qərbin, nə də Ermənistanın öhdəliyinə buraxmaq olar. Daha yaxşı olar ki, Azərbaycan, Ermənistan və Türkiyə dəhlizə nəzarət məsələsini, yolların təhlükəsizliyini birgə müzakirə etsinlər və ortaq qərar versinlər. Bu, çox vacibdir, çünki Zəngəzur dəhlizi Türkiyə ilə də əlaqəlidir. Kənar güclərin, hansısa Qərb özəl şirkətinin dəhlizdə nəzarət mexanizmi təşkil etməsi riskli və qəbuledilməzdir.
- Qərbin ölkəmizə təzyiqləri artmaqdadır. Artıq İrəvanın belə gündəmə gətirmədiyi "ermənilərin Qarabağa qayıtması" mövzusu beynəlxalq təşkilatların gündəmindən nə zaman çıxacaq?
- Bu, Azərbaycana təzyiq mahiyyəti daşıyır. "Ermənilərin Qarabağa qayıdışı", "insan haqları", "demokratiya", "siyasi məhbus" kimi anlayışlar Qərbin əlində Bakıya qarşı bir dəyənəkdir. Avropa Parlamentinin Azərbaycana qarşı qətnaməsinə nəzər yetirəndə şablon və standart cümlələr görürük. ABŞ Konqresində də eyni mənzərəni görmüşük. Hətta beynəlxalq təşkilatlar, "Vaşinqton Post" kimi nəşrlər də eyni tezislərdən istifadə edirlər. Açıq görünür ki, hamısı vahid mərkəzdən idarə olunur. Gələn ay Azərbaycan COP29 kimi mühüm tədbir keçiriləcək. Bu tədbiri Azərbaycan özü təşkil etmir, məhz BMT-nin müraciəti və yekdil qərar əsasında Bakıda keçirilir. Qərb ölkələri hay-küy salırlar ki, guya Azərbaycanda insan haqları pozulur və s. Təsəvvür edin, dünya dağılır, müharibələr çoxalır, insanlıq məhvə sürüklənir, Qərb də üç-beş erməni cinayətkarın "təəssübünü" çəkir, erməni quldurlarına görə yaxalarını cırırlar. Aydın görünür ki, ABŞ və Avropa ölkələri Azərbaycan və Türkiyənin artan nüfuzu ilə barışmaq istəmirlər. Son dövrdə dəbdədir, çoxları "avrointeqrasiya"dan danışırlar. Hesab edirlər ki, Qərbə inteqrasiya bütün problemlərin həllidir. Türkiyə on illərlə Avropa İttifaqına daxil olmaq üçün təşəbbüs göstərdi, bütün şərtləri yerinə yetirdi. Ancaq hər dəfə müəyyən bəhanələrlə Türkiyəni yaxına buraxmadılar, əksinə, Ankara hökumətini tənqid etdilər, təzyiqlər göstərdilər. Qərb başqa dövlətlərin təsir imkanlarını heçə endirməklə, hər şeyə özü diktə etmək istəyir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel özü etiraf etdi ki, artıq Aİ başqa ölkələrə münasibətdə taktikanı dəyişməlidir. Təlimatla, göstərişlə başqa ölkələrin daxili işlərinə qarışmaq yolverilməzdir və əks effekt verir. Bu, qarşılıqlı hüquqlara söykənən əməkdaşlıq deyil. Əfsuslar ki, kollektiv Qərb bu həqiqəti başa düşmür, ya da qəbul etmək istəmir.