BMT təhlükəsizlik şurasının tələbini yerinə yetirməkdən imtina edərsə, gələcəkdə ölkədə xaos və parçalanma qaçılmaz olacaq
BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvləri dünən İranın nüvə proqramı problemi ilə bağlı qapalı iclas keçirib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) hesab edir ki, İran nüvə silahı əldə etməyə təhlükəli dərəcədə yaxınlaşıb. BMT Təhlükəsizlik Şurasının iclası ABŞ, Böyük Britaniya, Fransa və bir sıra digər dövlətlərin tələbi ilə çağırılıb. Nüvə proqramının müzakirəsinə təkan verən MAQATE bildirir ki, İranda 60 faiz zənginləşdirilmiş uran ehtiyatı cəmi bir neçə ay ərzində 182-dən 275 kq-a yüksəlib. Sülhsevər olduğunu bəyan edən dövlət üçün bunlar qeyri-adi yüksək rəqəmlərdir. Mütəxəssislərin fikrincə, nüvə materialının 60 faiz zənginləşdirilməsi səviyyəsindən kütləvi qırğın silahlarının istehsalı üçün lazım olan 90 faiz səviyyəsinə sıçrayış bir neçə həftə ərzində həyata keçirilə bilər. Bundan əlavə, MAQATE müəyyən edib ki, İran nüvə obyektlərində yeni müasir sentrifuqalar quraşdırmaqla öz imkanlarını artırıb. BMT TŞ-nin İranın nüvə proqramı ilə bağlı keçirilən qapalı iclasından sonra Amerika və Britaniya nümayəndələri bəyanat yayaraq TŞ-ni Tehranı qınamağa çağırıb.
Britaniyanın BMT-dəki daimi nümayəndəsi Ceyms Karyuki İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün lazım olan bütün diplomatik addımları atacaqlarını, lazım gələrsə, sanksiyaların geri qaytarılması mexanizmindən istifadə edəcəklərini açıq şəkildə bildirib. Görünür ki, Tehranın başı üzərində buludlar sıxlaşır və onun nüvə proqramına dair razılığa gəlməkdən başqa yolu yoxdur. Lakin rəsmi açıqlamalar İranın nüvə silahından əl çəkmək niyyətində olmadığını göstərir.
İranın BMT-dəki nümayəndəsi Əmir Səid İrəvani isə TŞ-nin iclasını “təxribatçı və əsassız” adlandırıb.
İrəvani Əli Xameneinin mövqeyini bir daha təkrar edib: “Tehran təzyiq altında danışıqlar aparmayacaq, təhdidlərə boyun əyməyəcək və heç bir diktə qəbul etməyəcək”.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev isə “Sherg.az"a açıqlamasında BMT Təhlükəsizlik Şurasının narahatlığına ciddi əsas olduğunu deyib. Onun sözlərinə görə, İranın nüvə silahı əldə etməsinin dünyada böyük problemlər yaradacağı şəksizdir:
“Antidemokratik və radikal dini üsullarla idarə olunan dövlətlərin nüvə silahına sahib olmasına imkan vermək göz görə-görə özünü məhvə sürükləməkdir. Şimali Koreya və Rusiyanın nüvə silahına malik olması buna bariz nümunədir. Məhz bu səbəbdəndir ki, dünya qütbləşib və diktatura ilə demokratiya arasında ciddi qarşıdurma var. İndiki şəraitdə İranın nüvə proqramından tam imtina edəcəyinə inanmıram və niyəsini də deyə bilərəm. İranın molla rejimi hakimiyyətlərini qoruyub saxlamaq üçün bütün gücü ilə bu silahı əldə etməyə sərf edəcək. Bu, tezliklə baş verməsə, İranda devrimin olması qaçılmazdır. İranda dini rejimə qarşı ayaqlanmalar güclənərsə, məlum ki, demokratik düşərgələrdən bu hərəkata dəstək gələcək. Bu da öz növbəsində İran rejiminin çökməsi ilə nəticələnər. O zaman İranın indiki hakim qüvvələrinin iç üzü açılacaq və nəhayətdə insanlıq qarşısında cavab verməli olacaqlar”.
V.Əfəndiyev hesab edir ki, antidemokratik cəmiyyətlərin hakimiyyətləri bütün körpüləri yandırmış durumda olduqları üçün sona qədər dirənəcəkləri sözsüzdür:
“Analoji olaraq Saakaşvilinin Gürcüstanda həbsdə saxlanması ilə müqayisə etmək istəyirəm. Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin həbs müddətinin bitməsinə iki ay qalmış Putinin göstərişi ilə ona qarşı yenidən saxta cinayət işı açılaraq daha doqquz il azadlıqdan məhrum edildi. Məlum ki, Saakaşvili həbsdən çıxdığı gündən rejimə qarşı çox güclü müqavimət hərəkatı yaratmaq qabiliyyətinə malikdir. Saakaşvili Putinin qorxulu yuxusuna çevrilib. Onun azadlığa qovuşması Putinin Qafqazla birdəfəlik vidalaşması deməkdir. Saakaşvilinin azadlığı Rusiya üçün nüvə silahı təhdidindən təhlükəlidir. İran BMT təhlükəsizlik şurasının tələbini yerinə yetirməkdən imtina edərsə, gələcəkdə ölkədə xaos və parçalanma qaçılmazdır. Bu gün dünyanın bir saylı problemi Putindir və onu Ukraynadan qovmaq üçün bütün imkanlar yoxlanılır. Görünür, bu il bu problem çözüləcək. Ondan sonra İran dünyanın gündəmində olacaq. Yaxın qonşumuzda baş verənləri diqqətlə izləyərək təhlil etməliyik. İranda yaşayan 40 milyon soydaşımızın taleyinə biganə qala bilmərik”.