Ermənistan siyasi rəhbərliyi Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir
“Ermənistan ərazisində Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş elə şəxslər var ki, onların da cinayət məsuliyyətinə cəlb edilməsi həyata keçirilməlidir”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. O, Ermənistan tərəfinin hər hansı qətnamələrlə Azərbaycanın iradəsinə təsir göstərilməsinin mümkünlüyünə dair düşüncələrində yanıldığını bildirib: “Ermənistan və onun havadarları bu düşüncələrində yanılırlar. Eyni zamanda təzminat məsələsi də müzakirə mövzusudur. Cənab Prezidentin tapşırığı əsasında Azərbaycanın aidiyyəti qurumları tərəfindən Ermənistanın 30 illik işğalı dövründə şəhərlərimizin, kəndlərimizin dağıdılması nəticəsində vurulmuş zərər, maddi-mədəni irsimizin dağıdılması və talan edilməsinin çox dəqiq, müfəssəl və müasir metodlarla qiymətləndirilməsi aparılıb. Bu məsələ də ayrıca bir müzakirə mövzusudur ki, regionda tam əhatəli, əsaslı bir sülh təmin edilmiş olsun”.
Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib ki, Ermənistan regionda sülh istəyirsə, Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməlidir. Eyni zamanda, o bildirib ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi aparılıb. “Regionda tam əhatəli sülhün təmin olunması üçün bu da bir şərtdir. Bu gün Minsk qrupuna da heç bir ehtiyac yoxdur. Kimsə Minsk qrupunu dirçəltmək istəyirsə, bu, utopiyadır. Ermənistan Minsk qrupunun saxlanmasına çalışır. Bu kimi hallar, xüsusilə Ermənistanın Konstitusiyası ilə bağlı hallar aradan qaldırılandan sonra regionda sülh gündəliyi üçün daha yaxşı şərtlər formalaşacaq”.
Mövzu ilə bağlı “Sherg.az"a danışan siyasi ekspert Abutalıb Səmədov deyib ki, müstəqillik illərində Azərbaycana qarşı cinayətlər törətmiş erməni quldurlarının bir hissəsi həbs olunub və hazırda da onların məhkəmə prosesi keçirilir:
“Azərbaycan xalqına qarşı hərbi cinayətlərdə iştirak edən, lakin hələ də azadlıqda olan erməni separatçıları da var. Onlar arasında Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyanla, Robert Köçəryan xüsusi yer tutur. Onlar və zamanında onlarla əlbir olan dgər separatçılar da Araik Arutyunyan, Ruben Vardanyan, Arkadi Qukasyan, Bako Saakyan və digərləri ilə birlikdə ədalət məhkəməsi qarşısında dayanmalı və öz cinayətlərinə görə cavab verməlidirlər. Ermənistan siyasi rəhbərliyi Bakıda davam edən məhkəmə prosesi ilə yaxından əməkdaşlıq etməli, Azərbaycan xalqına qarşı insanlıq əleyhinə hərbi cinayətlər törətmiş şəxslər ölkəmizə təhvil verilməlidir ki, onlar da cinayət məsuliyyətinə cəlb edilsin. Bu, Ermənistan- Azərbaycan arasındakı sülh danışıqlarına töhfə verən, normal qonşuluq münasibətlərinə xidmət edən bir addım olardı”.
Səmədov qeyd edib ki, Ermənistanda nə hökumət, nə də cəmiyyət özünü günahkar hesab edir:
“Ermənistandakı siyasi hakimiyyətin belə bir əməkdaşlığa razı olması inandırıcı deyil, çünki 2020-ci il müharibəsinə qədər Nikol Paşinyan da sələflərinin siyasətini davam etdirir, Azərbaycan əhalisini hiddətləndirən, ordumuzu müharibəyə sövq edən addımlar atırdı. Sadəcə, gücü çatmadı. Paşinyan bacara bilsəydi, özündən əvvəlki cinayətkar prezidentlərin yolunu davam etdirərdi”.