Azərbaycanda arıçılıq sahəsi əsrlər boyu nəsldən-nəslə ötürülən bir ənənə olaraq son illərdə ciddi şəkildə inkişaf etməyə başlayıb. Bu sənətə olan maraq artdıqca peşəkar arıçılar da öz təcrübələrini və biliklərini gənc nəsillə bölüşməyə davam edirlər.
Bugünkü müsahibimiz də bu sahədə uzun illər təcrübəyə malik olan peşəkar arıçılardan biri Marks Vəliyevdir.

40 ilə yaxındır ki, arıçılıqla məşğul olan və bu işi ata-babalarından miras almış Marks Vəliyev Sherg.az-ın arıçılığın incəlikləri və praktikada qarşılaşılan çətinliklər barəsində suallarını cavablayıb. Müsahibimiz eyni zamanda, peşəkar arıçı olmağın yolları, arıların sağlamlığına necə qulluq edilməsi və məhsulun əldə edilməsi prosesinin nə qədər zəhmət tələb etdiyi kimi mövzulara da toxunub:
Arıçılıqla tanışlığınız nə vaxt başlayıb?
Mən artıq 35 ildən çox, 40 ilə yaxındır ki, arıçılıqla məşğulam. Dədə-babamız, dayılarımız arıçı olub. Mən də bu işi davam etdirirəm.
Sizə bu işi sevdirən və ona maraq oyadan nə olub?
Böyüklərimiz, babalarımız bu işlə məşğul olduğuna görə bu, bizdə uşaqlıqdan bir hobbi kimi yaranıb. Ona görə də arıçılığa çox həvəsim olub. Marağım körpə yaşlarımdan oyanıb.

Keyfiyyəti bal əldə etmək üçün əsas məqamlar nələrdir?
Arıdan keyfiyyətli bal əldə etmək üçün onun mütəmadi olaraq yerini dəyişmək lazımdır. Yaxşı ballı bitkilərin olduğu əraziləri araşdırıb tapmaq və arıları həmin yerlərə köçürmək vacibdir. Bu, yüksək keyfiyyətli və bol məhsul əldə etməyin əsas şərtlərindən biridir.
İstehsal etdiyiniz bala olan tələbat necədir?
Tələbat məsələsinə gəldikdə, düşünürəm ki, keyfiyyətli və yaxşı məhsula hər zaman tələbat olub və bundan sonra da olacaq.
Sizin üçün arı saxlamağın ən mürəkkəb və çətin tərəfləri hansılardır?
Hazırkı şəraitdə ən böyük problemlərdən biri məcburi köçkün həyatı yaşamağımızdır. Bu səbəbdən arıları dağa köçürmək məcburiyyətində qalırıq. İndi məskunlaşdığımız yer arıçılıq üçün əlverişli deyil. Arıları köçürmək, daşımaq, yazda dağa aparmaq və payızda geri qaytarmaq həm böyük xərc, həm də ciddi zəhmət tələb edir.

Arıçılıqda ərazi önəmlidirmi?
Ərazi çox önəmlidir. Mənim hazırda qarşılaşdığım ən böyük çətinliklərdən biri də əlverişli ərazilərdən uzaq düşməyimizdir. Məskunlaşdığım yer Ağcabədidir və bura arıçılıq üçün ideal deyil.
Ölkəmizdə arıçılıq üçün ən məhsuldar ərazilər hansılardır?
Azərbaycanda arıların ən yaxşı məhsul verdiyi yerlər Laçın, Kəlbəcər, Qubadlı və digər Qarabağ bölgələridir. Mənim bu ərazilərdən uzaq olmağım arıçılıq fəaliyyətimə ciddi təsir göstərir.

Bir ildə orta hesabla nə qədər bal əldə etmək mümkündür?
İl ərzində hər pətəkdən ərazinin zənginliyinə görə ortalama 15-20 kq məhsul götürmək mümkündür.
Arıçı arıların sağlam və məhsuldar olması üçün nələrə xüsusi diqqət yetirməlidir?
Arıçının bir nömrəli diqqət edəcəyi əsas işlərdən biri arının təmizliyini qorumaq, zərərvericilərdən müdafiə etmək və əsas qışlama dövründə ona təbii məhsullarla yem verməkdir. Qış yemi olaraq arının öz istifadə etdiyi yemlərdən saxlamaq əsas şərtlərdən biri və birincisidir.

Çoxları arı sancmasından qorxur. Bəs arı sancan zaman nə etmək lazımdır?
Arı sancanda təlaşlanmaq lazım deyil, özünü sərbəst saxlamaq vacibdir. Hətta arı zəhərinin xüsusən ürək-damar xəstəliklərində müəyyən faydaları var. Heç bir reaksiya verməmək lazımdır.
Bəzən arı sancanda həmin nahiyəni sıxırlar. Bu düzgün deyil.
Arı sancandan bir müddət sonra ağrılar yüngülləşir və keçib gedir.
Arı yeşiyinə baxan zaman müxtəlif maskalardan istifadə etmək məqsədə uyğundur.
Biz isə arıçı olaraq arı sancmasına öyrəşmişik.
Qış ayında arıya necə qulluq edilir?
Əslində, arıya qışda baxılmır. Oktyabrdan fevralın axırlarına qədər arı qışlamadadır. Oktyabra qədər isə qışa hazırlıq dövrüdür. Fevraldan sonra yaz hazırlığı dövrü başlayır. 3 ay ərzində arı qışlamada pasif vəziyyətdə olur. Bu dövrdə arı qışdamaya düşdüyü üçün arı yeşiyi açılmır.
Son illərdə Azərbaycanda arıçılağa olan marağı necə dəyərləndirirsiniz?
Azərbaycanda arıçılığa maraq son illərdə artıb.
Peşəkar arıçı olmaq üçün nə etmək lazımdır?
Peşəkar arıçı olmaq üçün, düzdür, oxumaq və öyrənmək də vacibdir. Lakin praktiki cəhətdən müəyyən müddət, uzun müddət arı saxlayan peşəkar arıçıların yanında təcrübə keçmək daha məqsədə uyğundur. Arı saxlamaq haqqında nə qədər internetdən, sosial şəbəkələrdən, kitablardan oxusan da, praktika bambaşqadır, mütləq olmalıdır. Arıya maraq göstərən, həvəsi olan insanlar üçün məsləhətim odur ki, müəyyən peşəkar arıçıların yanına yaxınlaşsınlar, onlarla birgə iş aparsınlar, birgə arı saxlasınlar və müəyyən müddət praktika keçsinlər. Ondan sonra o sənəti davam etdirsinlər və bu işin arxasında dursunlar.