Prezident İlham Əliyev yanvarın 7-də yerli telekanallara müsahibəsində Azərbaycanda sosial sahədə atılan addımlardan danışıb.
Bu il yanvarın birindən minimum əməkhaqqının və pensiyanın artdığını vurğulayan dövlət başçısı deyib:
“Bu qədər böyük sərmayə qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar. Cəmiyyətdə də, siyasətdə də, ailədə də hər şey ədalətli olmalıdır və sosial ədalət prinsipləri həmişə bizim üçün vacib olub”.
Son bir neçə il ərzində dörd sosial paketin həyata keçirildiyini vurğulayan Prezident, həmçinin qeyd edib:
“İqtisadi imkanlar artdıqca biz daim sosial məsələlərin həllinə - minimum əməkhaqqı, pensiya, sosial müavinətlərin artırılması məsələlərinə də daim diqqət göstərəcəyik”.
Milli Məclisin deputatı Vüqar Bayramov "Sherg.az"a bildirib ki, son illər Azərbaycanda sosial təminat tədbirlərinin daha da genişlənməsi müşahidə olunur:
"Praktiki olaraq sosial paketlərin icrası bu istiqamətdə daha çox vəsaitin cəlb edilməsi və xərclənməsinə imkan yaradır. Eyni zamanda bütün bunlar davamlı şəkildə həyata keçirilir. Son 4 paketin icrasına 7 milyard manatdan artıq əlavə büdcə ayrılıb. Həmçinin 2025-ci ilin yeni beşinci sosial paketinin icrası üçün 1.6 milyarda yaxın vəsaitin ayrılacağı gözlənilir. Bu da ondan xəbər verir ki, sosial təminat və rifah Azərbaycanda həyata keçirilən siyasətin əsas ana xəttidir. Üstəlik, sözügedən istiqamətdə də tədbirlər davam etdirilir. Digər tərəfdən, biz həm minimum əməkhaqqının 16% artaraq 400 manata çatması, həm də pensiya, sosial müavinət və təqaüdlərin artımını gələn ay müşahidə edəcəyik. Bu isə 3 milyon vətəndaşımıza şamil olunacaq. Dövlət büdcəsi sosial istiqamətdə 16.9 milyard manat maliyyə ayırmağı nəzərdə tutur. Göründüyü kimi, həm 2025-ci ildə, həm də əvvəlki illərdə sosial rifahın yaxşılaşdırılması üçün ayrılan vəsaitlər kifayət qədər böyük olub. Bu da sosial təminat və müdafiənin prioritet, ölkədə həyata keçirilən siyasətin əsas istiqaməti olduğunu təsdiq edir. Ümumilikdə sadalananlar vətəndaşlarımızın yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması üçün vacibdir".