Ekspert: Tramvaylar Bakıda tıxacların xilaskarı ola bilməyəcək

Bu, kütləvi əlavə maliyyə yükü yaratmaqdan başqa bir şey deyil

Daha geniş təkliflərin verilməsi üçün dövlət proqramı bütün detalları ilə, o cümlədən hazırlanacaq layihələr şəffaf şəkildə ictimaiyyətə təqdim edilməli və geniş müzakirəyə açıq olmalıdır


Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Müşavirədə Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafı müzakirə edilib. Son illər ərzində bu istiqamətdə bir çox işlərin görülməsinə, böyük infrastruktur layihələrinin icra edilməsinə rəğmən Bakı şəhərində müşahidə edilən tıxacların sayının ildən-ilə artması vurğulanıb. 
Ölkə başçısı qeyd edib ki, son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib: "335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri görməsəydik, indi ölkəmizin nəqliyyat infrastrukturu hansı vəziyyətdə idi, bunu təsəvvür etmək çətin deyil.
Biz nəqliyyat məsələlərini həmişə diqqət mərkəzində saxlamışıq və son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edildi, yeni metro stansiyaları istifadəyə verildi, yol qovşaqları, tunellər, körpülər inşa edildi, yeni yollar salındı. Əgər biz bu işləri görməsəydik, bu gün, ümumiyyətlə, Bakı şəhərində nəqliyyat iflic vəziyyətə düşərdi. Amma yenə də görürük ki, növbəti böyük bir proqramın qəbul olunmasında böyük fayda olacaq. Bu məqsədlə bir müddət bundan əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dövlət proqramının hazırlanmasına dair müvafiq göstərişlər vermişəm və bir neçə ay ərzində bu proqram üzərində iş aparılıb. Bu gün biz bu məsələləri müzakirə edəcəyik və lazım olan qərarları verəcəyik”.

Nəqliyyat məsələlərinə həsr olunan müşavirəni dəyərləndirən iqtisadçı-ekspert Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında deyib ki, paytaxtın tıxac problemlərinə müşavirə keçirərək ən yüksək səviyyədə münasibət bildirilməsi təqdirəlayiq hadisədir. Onun fikrincə, bu problemlərin həllinə yönəlik dövlət proqramının qəbul edilməsinə və doğru icrasına sinəsi partlayan Bakının böyük ehtiyacı vardı:
 "Konkret təkliflərimə gəldikdə isə bu dövlət proqramı hazırda tam detalları ilə ictimaiyyətə açıqlanmadığı üçün təklifləri də ümumi kontekstdə ifadə etmək istərdim. Yol tikinti layihələri böyük vəsaitlər tələb etdiyindən, əvvəlki illərdə yol və körpü tikintisi zamanı yaşanan xoşagəlməz halların təkrarlanmaması üçün ciddi nəzarət mexanizmləri qurulmalıdır. 
İsrafçılığın qarşısı ən yüksək səviyyədə alınmalıdır. Məsələn, saysız-hesabsız yerüstü piyada keçidlərinin bahalı materiallarla örtülməsi və süni şəkildə dəyərinin şişirdilməsi yolverilməzdir. Küçədə yerüstü piyada keçidlərinin üstünün bahalı materiallarla bağlanması, yeraltı keçidlərin mərmər döşənməsi kimi adətlərə son qoyulmalıdır. 
Tikinti işləri üzrə xərclər maksimum şəffaf olmalı və dövlət vəsaitlərinin səmərəli istifadəsi təmin edilməlidir. Bütün tenderlər tam şəffaf keçirilməli və proses ictimaiyyət tərəfindən izlənə bilməlidir".

Ekspertin sözlərinə görə, rəqabət mühiti təmin olunmalıdır. Real rəqabət olmalıdır ki, keyfiyyət və səmərəlilik artsın və yerli sahibkarlığın inkişafına, bu, ciddi töhfə versin, nəinki qeyri-sağlam rəqabət şəraitində dövlət vəsaitləri mənimsənilsin:
 "Hesablama Palatasının hesabatlarında dəfələrlə büdcə vəsaitlərinin qeyri-səmərəli istifadəsinə dair ciddi faktlar qeyd olunub. Eyni zamanda ölkə başçısı da müşavirədə Bakıda nəqliyyatın hərəkətinə dair çox ciddi çatışmazlığı olan uğursuz layihələri vurğuladı və qınadı. Ona görə də bu layihələrə Hesablama Palatası ən yüksək səviyyədə nəzarət etməlidir. Texniki-iqtisadi qiymətləndirmə ən ciddi təhlillərlə tamamlanmalıdır.
İstifadə olunan vəsaitlərin hesabatlılığı təmin olunmalı, xərclər üzrə tam şəffaflıq olmalıdır".

E.Əmirovun qənaətincə, tramvay xətləri tıxac probleminin həlli deyil: 
"Dünya tramvaya ekoloji həll kimi baxır. Odur ki, bu, daha çox ekoloji nəqliyyat layihəsidir və sıx hərəkət olan yerlərdə effektiv həll ola bilməz. Tramvayın hərəkət etdiyi ikinci zolaq, elektrik təchizatı problemləri və nasazlıq halları tıxacları daha da artıracaq. Bakı ozamankı küçələri boş Bakı deyil ki, tramvay haqda düşünülsün. Bu, kütləvi əlavə maliyyə yükü yaratmaqdan başqa bir şey deyil. Bunu birdəfəlik anlamaq lazımdır. Vaxt vardı, Bakı-Sumqayıt qatarına nə qədər pul sərf edildi ki, Bakı-Sumqayıt yolu nisbətən düzələcək. Düzəldimi? Əlbəttə, yox. Real sərnişin axınları doğru təhlil edilərdisə, bunu da öncədən demək olardı. Odur ki, metro istisna olmaqla “dəmir trayektoriyalar” əlavə maliyyə yükü yaradacaq və Bakıda tıxacların xilaskarı ola bilməyəcək. Tramvay isə nəinki fayda verəcək, əksinə, yolları daraldacaq və problemləri artıracaq". 

İqtisadçı hesab edir ki, daha geniş təkliflərin verilməsi üçün dövlət proqramı bütün detalları ilə, o cümlədən hazırlanacaq layihələr şəffaf şəkildə ictimaiyyətə təqdim edilməli və geniş müzakirəyə açıq olmalıdır. 
Ən əsası müzakirə üçün real vaxt verilməlidir – qısa müddətli (5-10 günlük) müzakirələr əvəzinə bir neçə ay müddətində ictimai rəy toplamaq lazımdır. Müzakirələrə ekspertlər, biznes nümayəndələri, vətəndaş cəmiyyəti və vətəndaşlar cəlb olunmalıdır. Onlayn platformalar, açıq forumlar və ictimai dinləmələr təşkil edilməlidir.
Ümumiyyətlə, media nümayəndələrinin və ictimaiyyətin bu məsələdə aktiv olması ümumi işin xeyrinədir. Ölkə başçısı əbəs yerə bunu xüsusi vurğulamadı".