“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin layihəsi Cəbrayılda davam etdirilib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “İşğaldan azad edilmiş ərazilərə geri qayıdan insanların mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirilməsi” adlı layihənin icrasını Cəbrayıl şəhərində davam etdirib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (Mine Action Agency of the Republic of Azerbaijan - ANAMA) tərəfdaşlığı ilə birgə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.

Bu layihənin əsas məqsədi işğaldan azad edilmiş Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa və Kəlbəcər rayonlarına daimi yaşamaq üçün geri qayıdan keçmiş məcburi köçkünlərin, bu ərazilərdə işləyən və təhsil alan şəxslərin partlayıcı sursatların təhlükəsinə dair maarifləndirilməsi, partlayış risklərinin azaldılması və təhlükəsiz davranış vərdişlərini formalaşdırılmasıdır.

Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən işğaldan azad olunmuş ərazilərdə yeni tikilən və ya bərpa olunan şəhər və kəndlərə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən keçmiş məcburi köçkünlərin daimi yaşamaq üçün geri qayıdışı təşkil edilir. Bu insanlar mütləq partlayış riskləri və təhlükə hiss etdikdə hansı dövlət orqanlarına necə müraciət edəcəkləri barədə məlumatlandırılmalı, onlarda ehtiyatlı davranış vərdişləri formalaşdırılmalıdır. Nəzərə almaq lazımdır ki, bu insanların çox böyük əksəriyyəti işğal müddətində ölkənin müxtəlif regionlarında məskunlaşdıqları yerlərdə bu təhlükə ilə rastlaşmadıqlarından ilk dəfə belə maarifləndirmə proqramlarına cəlb olunacaq.

Növbəti maarifləndirmə tədbiri Cəbrayıl çəhərindəki Mehdi Mehdizadə adına tam orta məktəbdə keçirildi. Tədbirdə müəllimlər və şagirdlər iştirak edirdi. Ümumilikdə 172 nəfər tədbirdə iştirak edib.

Layihə rəhbəri iştirakçılara layihənin məqsədi və onun donorları, ölkəmizdə mina təmizləmə əməliyyatları və mina qurbanları, təlimçilər tərəfindən isə ən çox rast gəlinən mina və PHS növləri, təhlükəsiz davranış vərdişlərinin əsasları barədə və digər zəruri məsələlərə dair ətraflı məlumat verilib. Bütün iştirakçılara layihə çərçivəsində hazırlanmış buklet verilib.

Tədbir iştirakçıları və məktəbin müəllimləri bu tədbirin təşkil olunmasına görə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinə, layihənin donorlarına minnətdarlığını bildiriblər.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi təşkil olunmuş tədbirlə göstərdikləri diqqətə və köməyə görə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşlarına, Təhsil Nazirliyinə, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə və Mehdi Mehdizadə adına tam orta məktəbin rəhbərliyinə və müəllim kollektivinə öz minnətdarlığını bildirir.

Partlayıcı sursatlar təhlükəsinə dair növbəti maarifləndirmə tədbirləri Laçın və Kəlbəcər rayonlarında həyata keçiriləcək.

Hafiz Səfixanov,

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri