Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam Ailə Modeli – Güclü Gələcəyə Zəmanətdir” layihəsi çərçivəsində Sumqayıt şəhər Gənclər Evində gənclər üçün “Ailə dəyərləri, ailə hüququ” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında sağlam ailə dəyərlərinin təbliği, ailə institutunun möhkəmləndirilməsi, ailə hüququ ilə bağlı hüquqi maarifləndirmənin artırılması və iştirakçıların bu sahədə biliklərinin zənginləşdirilməsi olub.
Tədbirdə ekspert qismində Sumqayıt Regional Vəkil Bürosunun sədri, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı çıxış edərək ailə hüququnun əsas prinsipləri, ailə üzvlərinin hüquq və vəzifələri, nikah və boşanma zamanı hüquqi məsələlər, valideyn məsuliyyəti, aliment öhdəlikləri və ailə münasibətlərində hüquqi mexanizmlər barədə iştirakçılara ətraflı məlumat verib. Eyni zamanda, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə çıxış edən Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva sağlam ailə modelinin formalaşmasında qarşılıqlı hörmət, effektiv ünsiyyət, məsuliyyət hissi və milli-mənəvi dəyərlərin qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, layihə çərçivəsində həyata keçirilən maarifləndirici görüşlər cəmiyyətin, xüsusilə də gənclərin sağlam ailə münasibətlərinə hazırlanmasına mühüm töhfə verir.
İnteraktiv formatda keçirilən tədbirdə iştirakçılar ailə münasibətləri və hüquqi məsələlər ətrafında fikir mübadiləsi aparıb, ekspertlərə ünvanladıqları suallara ətraflı cavablar alıblar.

Qeyd edək ki, “Sağlam Ailə Modeli – Güclü Gələcəyə Zəmanətdir” layihəsi çərçivəsində vətəndaşlar üçün ödənişsiz psixoloji və hüquqi xidmətlər, ailələr üçün qrup terapiyalar, maarifləndirici təlim və görüşlər keçirilir. Layihənin məqsədi ailə institutunun möhkəmləndirilməsinə, sağlam ailə münasibətlərinin təşviqinə və cəmiyyətdə hüquqi maarifləndirmənin artırılmasına töhfə verməkdir.