Yevlax rayonunda "Kiçik addımlar-böyük nəticələr" layihəsi çərçivəsində tədbir keçirilib

14 iyul 2026-cı ildə Yevlax şəhərində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi “Kiçik addımlar-böyük nəticələr” adlı layihəsi çərçivəsində növbəti tədbirini keçirib.

Tədbiri Yevlax Şəhər İcra hakimiyyəti Başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Azad Əliyev giriş sözü ilə açaraq səhiyyə və sağlamlıq istiqamətində respublikamızda aparılan dövlət siyasəti haqqında geniş məlumat verib. O çıxışında bildirib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Pediatrik Kardiologiya və Revmatologiya" ictimai birliyi birliyinin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Sveta Rəfiyevanın rəhbərliyi ilə keçirilən “Kiçik addımlar-böyük nəticələr” adlı bu tədbir də insanların sağlamlığının qorunması istiqamətində ölkəmizdə aparılan dövlət siyasətinin bir hissəsidir. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsinə də böyük ehtiyac var.

Sonra ictimai birliyin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva tədbiri davam etdirərək qeyd edib ki, ölkəmizin dörd rayonunda keçirilən layihəmizin əsas ideyası insanlarda davamlı sağlam həyat tərzini formalaşdırmaq, bunu onların gündəlik tələbatına çevirmək, insanların öz sağlamlıqlarına məsuliyyətlərini artırmaq və beləliklə sağlam həyat tərzini yaşam tərzinə çevirmək də insanlara yardımçı olmaqdır.

Tədbir zamanı ictimai birliyin sədri, tibb elmləri üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva iştirakçılara sağlam həyat tərzi haqqında geniş məlumat verib və bildirib ki, gələcəyin tibbi xəstəliklərin müalicəsinə yox, xəstəliklərin inkişaf riskinin azaldılmasına yönəldilib. Buna görə də sağlam həyat tərzinin təbliği məqsədi ilə maarifləndirməyə böyük ehtiyac var.

Tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında testlər verilib, bu testlərin cavabları əsasında hər bir iştirakçısına xüsusi yanaşılıb. Tədbir qarşılıqlı dialoq şəkildə keçib. 

İştirakçılar tədbirdə çox fəal iştirak edib və bu istiqamətdə tədbirlərin tez-tez keçirilməsini xahiş ediblər. Daha çox insanın maariflənməsi məqsədi ilə tədbirin sonunda tədbir iştirakçılarına sağlam həyat tərzi haqqında yaddaş vərəqələri paylanılıb.

Qeyd edək ki, layihə respublikamızın dörd rayonunda: Kürdəmir, Ucar, Göyçay və Yevlax rayonlarında həyata keçirilib.