Füzuli Qarabağın gələcəyinə çevrilir

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"

Zəfərdən sonra böyük quruculuq mərhələsi başlayıb

Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri davam etdirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə təmin olunur. Bu prosesdə Füzuli şəhəri xüsusi yer tutur.

Vaxtilə işğal nəticəsində dağıntılara məruz qalan şəhər bu gün yenidən qurulur, müasir infrastruktur formalaşdırılır, sakinlərin rahat yaşayışı üçün zəruri şərait yaradılır. Füzulinin dirçəlişi, eyni zamanda, tarixi yaddaşın və milli iradənin təcəssümüdür. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların geri qayıtması şəhərin həyatına yeni nəfəs verir. Yenidən qurulan küçələr, açılan sosial obyektlər və məskunlaşan ailələr Füzulinin gələcəyinin artıq yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Milli Məclisin deputatı Şahin Seyidzadə "Şərq"ə açıqlamasında bildirib ki, Füzuli əsrlər boyu Azərbaycanın mədəni, tarixi və mənəvi məkanının ayrılmaz hissəsi olub, ağır sınaqlardan keçib, işğalın acısını yaşayıb və nəhayət, Azərbaycan Ordusunun qəhrəmanlığı ilə azadlığına qovuşub. Deputatın sözlərinə görə, bu gün Füzulidən danışarkən artıq yalnız keçmişin faciələrindən söz açmırıq. Füzuli Zəfərin, dövlət gücünün, milli birliyin və azad edilmiş torpaqlarda yeni həyatın rəmzlərindən biridir: “17 oktyabr Azərbaycan xalqının yaddaşında məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi və 17 oktyabrın Füzuli şəhəri günü kimi müəyyənləşdirilməsi bu tarixi hadisənin milli yaddaşdakı yerini daha da möhkəmləndirib. Füzulinin azad edilməsi Azərbaycan Ordusunun hərbi qüdrətinin dünyaya nümayiş etdirilməsi baxımından da böyük əhəmiyyət daşıyırdı.

Uzun illər işğal altında qalan, möhkəm istehkamlarla əhatə olunan bir ərazinin qısa müddətdə azad edilməsi Azərbaycan Ordusunun hazırlıq səviyyəsini, müasir hərbi imkanlarını və döyüş əzmini nümayiş etdirdi. Füzulidə əldə olunan uğur sonrakı hərbi əməliyyatlar üçün də strateji imkanlar yaratdı. Zəfər yalnız döyüş meydanında qazanılan nəticə deyil, həm də milli yaddaşın bərpasıdır. İşğal illərində Füzuli adı Azərbaycan xalqının yaddaşında doğma torpaq, itirilmiş yurd və qayıdış ümidi ilə yanaşı çəkilirdi. 17 oktyabr 2020-ci ildən sonra isə bu ad daha bir məna qazandı: Füzuli Zəfərin rəmzlərindən birinə çevrilib. Bu Zəfərin canlı şahidləri olan Azərbaycan hərbçilərinin qəhrəmanlığı dövlət tərəfindən də yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Prezident İlham Əliyevin sərəncamları ilə Füzulinin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 25 325 hərbi qulluqçu bu medalla təltif olunub. Füzuli şəhərinin azad edilməsindən sonra qarşıda daha böyük və mürəkkəb vəzifələr dayanırdı. Müharibə yalnız işğalı sona çatdırmamışdı, həm də qarşıya tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması kimi tarixi məsuliyyət qoymuşdu. Bu mərhələdə Azərbaycanın qarşısında yalnız tikinti və infrastruktur məsələləri yox, bütöv bir regionun yenidən həyata qaytarılması vəzifəsi dayanırdı.

Füzuli nümunəsində bu proses xüsusilə aydın görünür. Prezident İlham Əliyevin tapşırıqları əsasında rayonun yenidən qurulması və infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər həyata keçirilməyə başlandı. 2023-cü il martın 18-də Nazirlər Kabinetinin qərarı ilə “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edildi. Bu sənəd şəhərin gələcək inkişafının sistemli şəkildə planlaşdırılması baxımından mühüm mərhələ oldu. Füzulidə görülən işlərin miqyası onun sadəcə bərpa edilmədiyini, yenidən qurulduğunu göstərir. Enerji infrastrukturunun yaradılması istiqamətində “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi istifadəyə verilib. Köndələnçay su anbarları kompleksinin bərpası da rayonun gələcək sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli layihələr sırasındadır”.

Deputatın sözlərinə görə, nəqliyyat infrastrukturunun yaradılması Füzulinin regional əhəmiyyətini artırıb: “Zəfər yolu, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yollarının istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin bir-biri ilə əlaqəsinin möhkəmləndirilməsinə xidmət edir. Füzuli Beynəlxalq Hava Limanının yaradılması isə şəhəri Azərbaycanın əsas nəqliyyat və logistika imkanlarından birinə çevirən mühüm layihələrdəndir.

Füzulinin bərpası həm də beynəlxalq və regional əməkdaşlığın nümunəsinə çevrilib. Azərbaycanın dost və qardaş dövlətləri azad edilmiş ərazilərin yenidən qurulması prosesinə müxtəlif layihələrlə töhfə verirlər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin inşa edilməsi iki qardaş xalq arasında dostluğun mühüm ifadəsidir. Məktəbdə sinif otaqları, laboratoriyalar, informatika və funksional tədris otaqları, akt və idman zalları, kitabxana və digər müasir imkanlar yaradılıb.

Qazaxıstanın Füzulidə yaratdığı Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi də bu həmrəyliyin başqa bir nümunəsidir. 2024-cü il martın 12-də Prezident İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mərkəzin açılışında iştirak ediblər. Belə layihələr Füzulinin yalnız Azərbaycanın deyil, dost və qardaş ölkələrin də diqqət mərkəzində olduğunu göstərir”.

Ş.Seyidzadənin sözlərinə görə, Füzulinin yeni tarixinin ən mühüm səhifələrindən biri isə Böyük Qayıdışdır: “2023-cü il avqustun 18-dən etibarən keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı başlanıb. İlk mərhələdə 144 ailə doğma şəhərinə köçürülüb. Uzun illər Bakı, Sumqayıt və Abşeron ərazisində müvəqqəti məskunlaşmış ailələrin öz doğma yurdlarına qayıtması Füzuli tarixində yeni dövrün başlanğıcı oldu. 2026-cı il oktyabrın 1-dək Füzuliyə 827 ailənin, ümumilikdə 3153 nəfərin köçürülməsi artıq bu prosesin ardıcıl və artan templə davam etdiyini göstərir. Bu rəqəmlərin arxasında yalnız statistika yoxdur. Burada illərlə doğma evinə qayıtmaq arzusu ilə yaşayan insanların hekayəsi var. Füzulidə yeni evlərin, məktəblərin, sosial obyektlərin tikilməsi ilə yanaşı, bir insanın doğma torpağı ilə yenidən bağının bərpası baş verir. Böyük Qayıdışın əsl mahiyyəti də məhz budur.

Füzulinin qarşısında duran əsas vəzifələrdən biri işğal illərinin ağır nəticələrinin aradan qaldırılmasıdır. Rayon mina təhlükəsi baxımından ən çox çirklənmiş ərazilərdən biri kimi xarakterizə olunur. İlkin hesablamalara görə, rayonda yüz mindən çox mina basdırılıb. Bu fakt azad edilmiş ərazilərdə bərpa və məskunlaşma prosesinin nə qədər mürəkkəb olduğunu bir daha göstərir. Lakin Füzuli bu çətinliklərə baxmayaraq gələcəyə doğru inamla addımlayır. Bu gün burada yeni yaşayış kompleksləri, məktəblər, xəstəxana, idman və sosial obyektlər, yollar və mühəndis infrastrukturu yaradılır. Prezident İlham Əliyevin Füzuliyə ardıcıl səfərləri də dövlətin bu rayona xüsusi diqqətinin göstəricisidir.

2020-ci ilin noyabrında Füzulidə Azərbaycan bayrağının ucaldılması ilə başlayan yeni mərhələ sonrakı illərdə çoxsaylı layihələrlə davam edib. Zəfər yolunun təməli qoyulub, hava limanının və xəstəxananın təməli qoyulub, Füzuli şəhərinin Baş planı üzərində iş aparılıb, enerji və su infrastrukturu yaradılıb, yaşayış komplekslərinin, məktəblərin və digər sosial obyektlərin tikintisinə başlanılıb. Füzulidə bütün bu proseslərin ardıcıl şəkildə davam etməsi onu göstərir ki, Azərbaycan üçün Qarabağın və Şərqi Zəngəzurun bərpası sadəcə tikinti proqramı deyil. Bu, dövlət siyasətinin uzunmüddətli və strateji istiqamətidir. Füzulinin timsalında biz işğaldan azad edilmiş ərazilərin müasir, rahat və dayanıqlı yaşayış məkanlarına çevrilməsinin konkret nümunəsini görürük.

Füzulinin yeni siması həm də Azərbaycanın iqtisadi imkanlarının göstəricisidir. İşğaldan cəmi bir neçə il sonra şəhərdə yaşayış məhəllələrinin salınması, yolların çəkilməsi, enerji və su sistemlərinin qurulması, məktəb və digər sosial obyektlərin inşası böyükmiqyaslı dövlət investisiyalarının nəticəsidir”.