Hər bir bölgənin zinəti insanlarıdır, o cümlədən də Ağdamın - Asəf Quliyev

Bu gün Ağdam rayonunun işğaldan azad edilməsindən 6 il ötür. İşğal dövründə Ermənistan bu torpaqlarda yaşayış məntəqələrini dağıtdı, mülkiyyəti talan etdi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyub. 2020-ci ilin payızı isə hər şeyi dəyişdi. Noyabrın 10-da imzalanan və şanlı Ordumuzun Vətən müharibəsindəki parlaq Qələbəsini rəsmiləşdirən üçtərəfli bəyanata əsasən, Ağdam rayonunun işğal altında qalan hissəsi bir güllə atılmadan Azərbaycana təhvil verilib.

Bu, cənab Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində mümkün oldu. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur. Bu gün Ağdamda həyat yenidən canlanır. Şəhər bərpa olunur, quruculuq işləri davam etdirilir, sakinlərin doğma yurdlarına qayıdışı təmin olunur. Ağdamın gələcəyi artıq dağıntılarla deyil, quruculuq və inkişafla müəyyənləşir.

Jurnalistlərə Hüquqi və Texniki Yardım” İctimai Birliyinin sədri, araşdırmaçı jurnalist, əslən Qarabağdan olan Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirib ki, təkcə Ağdamın deyil, ümumilikdə Azərbaycanın bütün bölgələrinin ən böyük sərvəti, ən qiymətli dəyəri insanlarıdır:

“Ağdamı da, Şuşanı da, Gəncəni də, Lənkəranı da, Qubanı da, Şamaxını da, Bakını da fərqləndirən, yaşadan və dəyərli edən məhz həmin torpaqlarda yaşayan insanlardır. Bu gün Ağdam sakinləri artıq doğma yurdlarına qayıdaraq öz evlərində yaşamağa başlayıblar. Lakin burada çox ağrılı bir məqam da var. Otuz-otuz beş il əvvəl doğma şəhərini tərk etmək məcburiyyətində qalan insanların bir çoxu təəssüf ki, bu gün həyatda deyil və Ağdamın azadlığına, yenidən qurulmasına şahidlik edə bilməyiblər. Bu, həqiqətən də, acı reallıqdır. Bununla belə, Ağdamın yenidən qurulması, şəhərdə həyatın bərpa olunması və sakinlərin doğma torpaqlarına qayıtması böyük sevinc doğuran hadisədir.

A. Quliyevin sözlərinə görə, Ağdamın yenidən qurulması prosesində diqqət yetirilməli vacib məqamlardan biri də şəhərin öz ruhunun, tarixi və kollektiv yaddaşının qorunub saxlanılmasıdır:

“Təəssüf ki, bu prinsip hər zaman nəzərə alınmır. Halbuki şəhərin keçmişinə aid bir çox məkanı, simvolu və xatirəni qorumaq, onları yenidən yaşatmaq mümkündür. Bu cür yanaşma Ağdamın yalnız fiziki baxımdan deyil, həm də mənəvi cəhətdən dirçəlməsinə, özünəməxsus simasını qorumasına töhfə verə bilər. Sonda çox sadə, amma mənim üçün xüsusi məna daşıyan bir nümunə çəkmək istəyirəm. Vaxtilə Ağdamdan Şuşaya gedən yolun kənarında bir armud ağacı var idi. Həmin illərdə şəhərlərarası avtobuslardan geniş istifadə olunurdu, şəxsi avtomobillərin sayı isə indiki qədər çox deyildi. Ağdamdan Şuşaya sonuncu avtobus saat 18:00-da yola düşürdü. Hamı bilirdi ki, bu reysdən sonra həmin istiqamətdə avtobus olmayacaq. Şuşaya getmək istəyən, lakin sonuncu avtobusa gecikən insanlar saat altıdan sonra gəlib həmin armud ağacının altında gözləyirdilər. Ümid edirdilər ki, bəlkə, Şuşaya gedən şəxsi avtomobil həmin yoldan keçər və onlar da yoldaşlıq edərək gedə bilərlər. Beləcə, həmin armud ağacı zamanla adi bir ağac olmaqdan çıxaraq insanların görüşdüyü, yol gözlədiyi bir məkana, yaddaşlarda yaşayan özünəməxsus bir simvola çevrilmişdi. İndi düşünürəm ki, həmin yolun kənarında bir armud bağı salmaqla o ağacın xatirəsini yaşatmaq olardı. Bu, təkcə yeni yaşıllıq sahəsinin yaradılması deyil, həm də insanların kollektiv yaddaşının qorunması, keçmişlə bu gün arasında mənəvi bağın saxlanılması baxımından dəyərli addım olardı.

Belə nümunələri çoxaltmaq mümkündür. Çünki şəhəri yenidən qurmaq yalnız yeni binalar inşa etmək, yollar salmaq və infrastrukturu bərpa etməklə məhdudlaşmır. Eyni zamanda, onun tarixi yaddaşını, sakinlərinin xatirələrini və özünəməxsus simvollarını da qoruyub yaşatmaq lazımdır. Şəhərə ruh verən, onu başqalarından fərqləndirən və insanlara doğma edən məhz bu dəyərlərdir”.