- Müxalifətə verilən sifariş odur ki, nəyin bahasına olursa-olsun, bu referendum keçirilməməlidir
Paşinyanın son açıqlamaları Ermənistanda konstitusiya dəyişiklikləri ətrafında siyasi mübarizənin daha da intensivləşəcəyindən xəbər verir. Belə ki, baş nazir hökumətin son iclasında müxalifətə yeni Konstitusiya ilə bağlı referendum keçirilməsini təklif edib.
O, referendumun nəticəsindən asılı olaraq öz siyasi gələcəyi ilə bağlı qərar verəcəyini bəyan edib: yeni Konstitusiya rədd edilərsə, istefa verəcəyini, qəbul olunarsa, növbəti parlament seçkilərində baş nazir postuna namizəd olmayacağını bildirib.Baş nazir eyni zamanda sülh prosesinin yekunlaşması istiqamətində irəliləyiş olduğunu vurğulayaraq, bu yolda əsas maneənin Ermənistan parlamentindəki müxalifət olduğunu iddia edib. Paşinyanın fikrincə, Ermənistan xalqı bu maneəni dəf edərək sülh prosesinin başa çatmasına imkan yaradacaq.
Qeyd edək ki, Konstitusiya məsələsi Azərbaycan-Ermənistan münasibətlərində həssas mövzulardan biridir. Ermənistanın Müstəqillik Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar kimi qiymətləndirilən müddəaların yer alması, eləcə də həmin bəyannaməyə Konstitusiyanın preambulasında istinad edilməsi rəsmi Bakının etirazına səbəb olur. Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması üçün bu məsələnin aradan qaldırılmasını, Konstitusiyada müvafiq dəyişikliklərin edilməsini vacib şərtlərdən biri kimi irəli sürür.
Politoloq Natiq Miri Sherg.az-a söyləyib ki, Burada əsas məsələ yekun sülh müqaviləsinin imzalanmasıdır və bununla da sülh məsələsi institusionallaşdırılacaq:
“Digər məsələləri həll etmək artıq müəyyən zamana bağlıdır. Çünki sərhədlərin delimitasiya və demarkasiya prosesi bir günlük, bir aylıq məsələ deyil. Xüsusilə də düyün nöqtələrinin olduğu sərhəd ərazilərində. Bundan başqa, Azərbaycan və Ermənistan arasında anklav və eksklav anlayışları var. Müəyyən çətinliklər mövcuddur. Başkənd var, eyni zamanda Kərki var. Bunların hansı şəkildə dəyişdirilməsi danışıqlar predmetidir və həll olunacaq məsələlərdir. Ancaq sülh prosesində geriyə dönməz bir vəziyyət yaratmaq lazımdır. Yekun sülh müqaviləsi də bu yöndə xüsusi əhəmiyyət daşıyır. Əslində, Nikol Paşinyan həm Ermənistanın təhlükəsizliyi baxımından, həm də Ermənistanın süni şəkildə müharibəyə müdaxil edildiyi şəraitdən birdəfəlik qurtulmasını istəyir. Ona görə də yekun sülh müqaviləsinin imzalanması Nikol Paşinyan üçün xüsusi əhəmiyyət daşıyır. Həm hüquqi, həm siyasi, həm də hərbi cəhətdən.
Analitik qeyd edib ki, Nikol Paşinyanın bu açıqlaması, xüsusilə də istefa verə biləcəyi və ya referendum qəbul olunarsa, növbəti seçkilərdə baş nazirliyə namizəd olmayacağı ilə bağlı fikri çox cəsarətli açıqlamadır:
“Düşünürəm ki, bunun içərisində həm xalqa, həm də müxalifətə verilən ciddi mesajlar var. Bununla Nikol Paşinyan xalqa bildirmək istəyir ki, o, hakimiyyət hərisliyindən yapışmayıb və əbədi olaraq hakimiyyətdə qalmaq istəyi də mövcud deyil. Ancaq başlatdığı işi sona çatdırmaq məsələsi var. Burada Nikol Paşinyan üzərinə böyük məsuliyyət götürüb. Yəni, vaxtilə Qarabağ klanını inqilab yolu ilə devirən Nikol Paşinyanın xalqa verdiyi müəyyən vədlər var. Ardınca məğlub dövlətin başçısı, ali baş komandan kimi 2021-ci ildə növbədənkənar parlament seçkilərində xalqın ona verdiyi mandat kontekstində xalqa verdiyi vədlər var. Bu baxımdan, Ermənistanın həm ərazi bütövlüyünü, həm də sözün əsl mənasında suveren bir dövlət olmasını təmin edib, bunun geriyə dönməzliyini bərqərar edəndən sonra artıq hakimiyyətdən çox rahatlıqla gedə biləcəyini dolayısı ilə mesaj verir. Bu, çox önəmli məsələdir. Ancaq müxalifət Nikol Paşinyanın bu açıqlamasına etibar etməyəcək. Ona görə yox ki, Nikol Paşinyan yalan danışır və ya hansısa hiylə işlədir. Ən azından, guya referendumu keçirə bilmək və razılığı əldə etmək üçün belə bir addım atdığı iddia edilə bilər”.
Ekspert bildirib ki, müxalifətə verilən sifariş odur ki, nəyin bahasına olursa-olsun, bu referendum keçirilməməlidir:
“Çünki referendumun keçirilməsi və xalqın referendumda yeni Konstitusiyanın lehinə səs verməsi kontekstində Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalanacaq. Yəni, referendumun nəticələrindən qısa müddət sonra yekun sülh müqaviləsi imzalanacaq ki, bu da Rusiyanın Ermənistanda, bütövlükdə Cənubi Qafqazda təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədəcək. Ona görə də referendum məsələsi həm müxalifət, həm də Rusiya üçün Cənubi Qafqazda mövqelərini qoruyub saxlamaq baxımından bəlkə də son tutacaqdır. Çünki bu gün ciddi mənada, həm hərbi, həm də müəyyən iqtisadi istiqamətlərdə Rusiyanın Ermənistanda varlığı hələ də davam edir. Ancaq yekun sülh müqaviləsindən sonra artıq Azərbaycan, Ermənistan və Türkiyə arasında normal hüquqi və diplomatik münasibətlər qurulacaq. Bundan sonra əməkdaşlığın bütün sahələri üzrə yol açılacaq. Nəqliyyat kommunikasiyalarından tutmuş ticarətə və digər bütün məsələlərə qədər. Bu isə regionda Rusiyanın mövqelərinin əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir. Ona görə də düşünürəm ki, Nikol Paşinyanın istefa məsələsi ilə bağlı açıqlamasına inanmamaq sadəcə bəhanə olaraq ortaya atılır. Guya Nikol Paşinyana etibar etmədikləri üçün bu addım qəbul edilir”.
N.Miri vurğulayıb ki, Nikol Paşinyanın bu istefa açıqlaması nəticə etibarilə onun hökumətinin lehinə işləyəcək:
“Çünki bu günə qədər heç bir Ermənistan dövlət başçısı xalqın qarşısında istefa verəcəyi ilə bağlı belə bir fikir səsləndirməyib. Ancaq Nikol Paşinyan bu mesajı sadəcə müxalifətə verməyib, bütün xalq qarşısında üzərinə götürə biləcəyi bir öhdəlik, bir vəd kimi səsləndirib. Düşünürəm ki, “Real Ermənistan” ideyası kontekstində dördüncü Ermənistan Respublikasının yeni Konstitusiyasını da qəbul etsələr və Ermənistana birdəfəlik sülh gətirsələr, bundan sonra Nikol Paşinyan ən azı öz missiyasını başa vurmuş sayılacaq. Ancaq bu, o demək deyil ki, o, dərhal hakimiyyəti müxalifətə təhvil verib gedəcək. Düşünürəm ki, bu zaman çərçivəsində yeni Nikol Paşinyanlar da yetişdirilib ortaya çıxarılacaq ki, ən azı seçkilərdə Rusiya yönlü müxalifət qalib gələ bilməsin. Çünki Nikol Paşinyan baş nazirliyə namizədliyini irəli sürməyəcəksə, bu, “Vətəndaş Müqaviləsi” Partiyasının da ləğvi demək deyil. Bundan sonra da siyasi fəaliyyət davam edəcək, yeni namizədlər ortaya çıxacaq”.