Badamdar–20-ci sahə ərazisində torpaq sürüşməsi təhlükəsi ilə bağlı vəziyyət ağırlaşır. Sürüşmə zonasında çatların genişlənməsi və aktivliyin davam etməsi ciddi narahatlıq doğurur.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin məlumatına görə, Səbail rayonu, Badamdar–20-ci sahə ərazisində aparılan növbəti monitorinqlər zamanı əvvəlki nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. Bildirilib ki, ərazidə vəziyyətin dinamikası izlənilir.
Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən ekoloq Ənvər Əliyev bildirib ki, monitorinqlərin aparılması ilə kifayətlənmək olmaz, təcili tədbirlər görülməlidir. Onun sözlərinə görə, ilk növbədə əhali təhlükəli ərazidən köçürülməlidir, çünki real təhlükə mövcuddur.
“Zamanında yerli icra orqanları tərəfindən Badamdarda torpaq sahələri düzgün bölüşdürülmədən, relyef nəzərə alınmadan nizamsız şəkildə paylanıb və satılıb. Əhalinin məskunlaşması prosesi də bu qaydada davam edib. İndi monitorinq aparmağın nə faydası var? Hər şey məlumdur, göz önündədir.
Badamdarda əsas sahədə - torpağın əsas kütləsində 2 metr aralanma var. Bəzi yerlərdə çatların dərinliyi 2-3, 4-5, hətta 10 metrə çatır. Torpaq istənilən an sürüşə bilər. Güclü yağış yağarsa, sürüşmə baş verəcək və böyük fəsadlar törədəcək. Aşağıdakı torpaq qatını da silib-süpürüb aparacaq. Hər dəqiqə orada sürüşmə baş verə bilər.
Ona görə də təcili addım kimi əhalinin ərazidən köçürülməsinə başlanmalıdır. Bundan sonra növbəti tədbirlər nəzərdən keçirilməlidir. Ərazinin mühafizəsi, torpağın bərkidilməsi, yaşıllıqların salınması və digər işlər görülməlidir”, - deyə ekoloq vurğulayıb.