Ermənistanın İran sərhədinə uzanan strateji yolunun tikintisi 60 faiz tamamlanıb

Ermənistanda “Şimal-Cənub” layihəsi çərçivəsində inşa edilən Qacaran–Aqarak avtomobil yolunun tikintisi 60 faiz başa çatıb.

Sherg.az xəbər verir ki, bu barədə Ermənistanın Yol Departamenti Fondu məlumat yayıb.

Bildirilib ki, uzunluğu 32 kilometr olan yolun tikintisində 645-ə yaxın işçi və 230-a yaxın texnika iştirak edir. Layihə yük və sərnişin daşımalarının həcmini artırmaq, hərəkət sürətini və rahatlığını yüksəltmək məqsədi daşıyır.

Məlumata görə, mürəkkəb relyefə malik ərazidə tunellərin qazılması tam başa çatıb, torpaq işlərinin isə 90 faizdən çoxu yekunlaşıb. Hazırda körpülərin və istinad divarlarının inşası, tunellərin daxili üzlənməsi və tamamlanması işləri davam etdirilir.

Qeyd edək ki, Ermənistanın İranla sərhədində yerləşən Aqaraka qədər uzanan yolun tikintisini İran şirkətlərindən ibarət konsorsium həyata keçirir. Layihənin 2028-ci ildə təhvil verilməsi nəzərdə tutulur.