- Dənizin sahillərində qanunsuzluqlara son qoyulacaq
- Yeni fərman ekoloji təhlükənin qarşısını ala bilər
Ekologiya və ətraf mühitin mühafizəsi
Prezident İlham Əliyevin Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında imzaladığı Fərman mavi gözlü Xəzərin mühafizəsi istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
Fərmanda qeyd olunur ki, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazisində, bəzi istisnalar olmaqla, torpaqların idarə olunması, istifadəsi və mühafizəsinin təşkili sahələrində vahid dövlət siyasətinin həyata keçirilməsi, eləcə də bu istiqamətdə fəaliyyət göstərən dövlət orqanlarının işinin əlaqələndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilir.
Nazirlər Kabineti altı ay müddətində İqtisadiyyat Nazirliyinin təklifləri və beynəlxalq təcrübə nəzərə alınmaqla sahilboyu ərazinin xüsusi statuslu ərazi kimi müəyyən edilməsi, zonalaşdırılması və hüquqi rejiminin formalaşdırılması ilə bağlı təkliflərini Prezidentə təqdim etməlidir. Həmçinin ətraf mühitin mühafizəsi, iqtisadi sahələrin inkişafı, turizm, rekreasiya və digər fəaliyyət istiqamətlərində dövlət qurumlarının idarəetmə və nəzarət funksiyalarının vahid yanaşma əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Demək olar ki, bu istiqamətdə artıq fəaliyyətə başlanılıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlərlə bağlı brifinq keçirib.
Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev bildirib ki, uzun illərdir Xəzər dənizinin ekoloji vəziyyəti həm təbii, həm də antropogen amillərin təsiri nəticəsində müəyyən çətinliklərlə üzləşir. İqlim dəyişiklikləri nəticəsində dəniz səviyyəsinin aşağı düşməsi, sahil xəttinin geri çəkilməsi, eləcə də sahilboyu ərazilərdə insan fəaliyyətinin yaratdığı təsirlər həmin ərazilərin mühafizəsi və idarə olunması məsələsini aktuallaşdırır.
O qeyd edib ki, Xəzər dənizinin xüsusi su obyekti kimi statusu, hövzənin ekoloji problemləri və ətraf ərazilərdə baş verən proseslər bu sahədə vahid və əlaqələndirilmiş dövlət siyasətinin həyata keçirilməsini zəruri edir. Onun sözlərinə görə, son dövrlərdə Xəzərdə su səviyyəsinin azalması və sahilboyu ərazilərin dəyişməsi qarşıya yeni vəzifələr qoyur: “Bununla yanaşı, həmin ərazilərdə antropogen təsirlər, torpaq sahələrindən qanunsuz istifadə və digər nizamsız fəaliyyətlər də mövcuddur. Dövlət qurumları belə halların qarşısının alınması istiqamətində tədbirlər görsələr də, bəzi proseslərin tənzimlənməsi mövcud qanunvericilik çərçivəsində çətinliklər yaradır.
Sahilboyu ərazilərlə bağlı imzalanmış yeni fərmanın əsas məqsədlərindən biri dövlət nəzarətinin və ictimai monitorinqin gücləndirilməsi, əhali arasında maarifləndirmə işinin genişləndirilməsi, eləcə də qanun pozuntularına görə məsuliyyət tədbirlərinin təkmilləşdirilməsidir.
Xəzərin sahilboyu ərazilərinə yalnız ekoloji mühafizə baxımından deyil, həm də mühüm iqtisadi resurs kimi yanaşılmalıdır. Bu ərazilərdən səmərəli istifadə, sahibkarlıq fəaliyyətinin inkişafı, dövlətin iqtisadi maraqlarının qorunması və vətəndaşların istirahət-rekreasiya hüquqlarının təmin edilməsi arasında tarazlıq yaradılması vacibdir. Eyni zamanda, həmin ərazilərdə nizamsız və qanunvericiliyin tələblərinə uyğun olmayan fəaliyyətlərin qarşısının alınması mühüm əhəmiyyət daşıyır”, - deyə şöbə müdiri vurğulayıb.
İ.Həbiyevin sözlərinə görə, fərman imzalanmazdan əvvəl bu istiqamətdə dövlət qurumlarının iştirakı ilə monitorinqlər aparılıb və xüsusi işçi qrupu yaradılıb:
“İşçi qrupuna həmin ərazilərdə fəaliyyət göstərən müxtəlif dövlət orqanlarının, hüquq-mühafizə və tənzimləyici qurumların nümayəndələri daxil edilib. Monitorinqlər çərçivəsində 8-10 ərazidə araşdırmalar aparılıb, ümumilikdə 20 min 406 hektar torpaq sahəsi əhatə olunub. Araşdırmaların əsas məqsədi mövcud vəziyyəti qiymətləndirmək, ayrı-ayrı dövlət qurumlarının fəaliyyətini vahid siyasət çərçivəsində əlaqələndirmək, səmərəsiz və zərərli fəaliyyətləri müəyyənləşdirərək aradan qaldırmaq olub”.
Şöbə müdiri əlavə edib ki, aparılan təhlillər nəticəsində sahilboyu ərazilərdə torpaqlardan istifadənin daha səmərəli təşkili, dövlət nəzarətinin təkmilləşdirilməsi və mövcud problemlərin sistemli şəkildə həlli istiqamətində təkliflər hazırlanıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Fərid Cəfərov isə brifinqdə Xəzərdə suyun geri çəkilməsi ilə bağlı faktları açıqlayıb.
O bildirib ki, Xəzər dənizində mövcud sahil xətti ilə dənizin faktiki olaraq sahilə təmas etdiyi xətt arasında bəzi yerlərdə 800 metrə qədər məsafə yaranıb.
F.Cəfərov qeyd edib ki, 2016-cı il avqustun 24-də Nazirlər Kabineti tərəfindən Xəzər dənizinin sahil zolağı müəyyən edilib: “Biz ona sıfır xətti deyirik. Yəni dənizin sahillə təmas etdiyi xətt nəzərdə tutulur. Buna uyğun olaraq, sahil xəttindən quruya doğru 20 və 50 metrlik mühafizə zolaqları müəyyən edilib. Mövcud qanunvericiliyə əsasən, həmin ərazilər müstəsna dövlət mülkiyyətidir. Sahil zolağının və sahilboyu ərazilərin xəritələşdirilməsi prosesini aparacağıq”.
F.Cəfərov bildirib ki, hazırda mövcud sahil xətti ilə dənizin faktiki sahilə təmas etdiyi xətt arasında bəzi hallarda 800 metrə qədər məsafə yaranıb: “Bu, kifayət qədər böyük ərazidir. Lakin mövcud qanunvericiliyə əsasən, həmin ərazilər Xəzər dənizinin akvatoriyasına aid torpaqlar hesab olunur və bu gün də hüquqi statusunu saxlayır”.
Bəs Xəzərin həm özünün, həm də sahil zolağının mühafizəsi necə həyata keçirilməlidir?
Ekoloq-hidroloq Rövşən Abbasov "Şərq"ə açıqlamasında bildirib ki, uzun illərdir Xəzər dənizinin sahillərinin zəbt olunması, eləcə də sahilyanı obyektlərdən dənizə çirkab sularının axıdılması ilə bağlı vəziyyət ürəkaçan deyil:
- Sahilboyu ərazilərdə yerləşən obyektlərdən, müxtəlif müəssisələrdən dənizə çirkab suları axıdılır. Bu isə həm dənizin mikroflorası, həm mikrobiotası, həm də mikrobiomu üçün böyük təhlükə yaradır. Xəzər çirkab sularından əziyyət çəkir.
Fərmana əsasən, bu problemin aradan qaldırılması üçün sahil zonasının idarə edilməsinin yaxşılaşdırılması nəzərdə tutulur. Bu sənəd sahil zonasının zəbt olunmasının azaldılmasında və belə halların qarşısının alınmasında mühüm rol oynaya bilər. Çünki sahil zonasının zəbt olunması dənizin çirklənməsinə səbəb olan əsas amillərdəndir. Ümid edirəm ki, bu istiqamətdə idarəetmənin yaxşılaşdırılmasının nəticələrini görə biləcəyik.
Son zamanlar Xəzər sahilləri açıq zonalara çevrilir. Sahil özəlləşdirilə və zəbt oluna bilməz. Fərmandan irəli gələn tədbirlərin icrası turizmin inkişafına da təkan verməlidir.