- Ermənistanda növbədənkənar seçki ssenarisi gündəmə gəlir
Ermənistanın Baş naziri Nikol Paşinyan sülh prosesinin yekunlaşması istiqamətində irəliləyiş olduğunu, lakin bu yolda əsas maneənin ölkə parlamentindəki müxalifət qüvvələri olduğunu bildirib.
Paşinyan əminliklə vurğulayıb ki, Ermənistan xalqı bu maneəni dəf edəcək və sülh prosesinin başa çatmasına imkan verəcək.
Siyasi ekspertlərin fikrincə, Paşinyan müxalifəti sülhün qarşısındakı maneə kimi təqdim etməklə, əslində, konstitusiya dəyişikliyi uğrunda mübarizəni siyasi müstəviyə keçirir. Çünki onun rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdə 64 deputatı var, yeni Konstitusiya layihəsini referenduma çıxarmaq üçün isə azı 70 səs tələb olunur. Müxalifət bu dəyişikliyə qarşıdır.
Mövzunu Sherg.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna etməmişdi. Onun sözlərinə görə, Paşinyan bu ehtimalı yeni Konstitusiyanın qəbulu zərurəti ilə əsaslandırırdı.
Ekspert qeyd edib ki, Paşinyanın əsas məqsədi parlament müxalifəti ilə razılığa gələrək Konstitusiya referendumu keçirilməsi barədə qərarın qəbuluna nail olmaqdır. Baş nazir hazırda bu prosesi parlament mexanizmləri vasitəsilə reallaşdırmağa çalışır. Lakin müxalifətin buna mane olması hakimiyyəti alternativ variantlara əl atmağa sövq edə bilər:
“Əgər müxalifət parlamentdə bu prosesə imkan verməzsə, Paşinyan ictimai dəstəkdən istifadə etməklə təzyiq göstərmək yolunu seçə bilər. Bu halda 300 min vətəndaşın imzası əsasında referendumun keçirilməsi təşəbbüsü də gündəmə gələ bilər. Digər variant isə növbədənkənar parlament seçkilərinə getməkdir. Hesab edirəm ki, Ermənistan hakimiyyəti hazırda məhz bu imkanları nəzərdən keçirir”.
O.Qasımovun fikrincə, yaxın vaxtlarda yeni Konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılması Paşinyanın gələcək siyasi qərarları baxımından mühüm əhəmiyyət daşıyacaq. Müzakirələr zamanı həm müxalifətin, həm də cəmiyyətin müəyyən hissəsinin layihəyə müqaviməti davam edərsə, baş nazir növbədənkənar seçkilər variantına üstünlük verə bilər:
“Bu yolla Paşinyan parlamentdə daha çox mandat qazanmağa və Konstitusiya məsələsini qanunverici orqan vasitəsilə həll etməyə çalışa bilər. Ona görə də onun növbədənkənar seçkilərə gedib-getməyəcəyi məsələsi, böyük ehtimalla, Konstitusiya layihəsi ətrafında ictimai müzakirələr başa çatdıqdan sonra aydınlaşacaq”.