İdeoloji dönüş: Qlobal azərbaycançılığın ünvanı Xankəndidə reallaşır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi  
Qloballaşan dünyada milli kimliyin qorunması və diaspora siyasətinin gücləndirilməsi ölkələrin xarici siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan Respublikasının həyata keçirdiyi diaspor siyasətində gənclərlə iş və onların milli ideologiya əsasında birləşdirilməsi xüsusi yer tutur. Bu məqsədlə keçirilən “Diaspor Gənclərinin Yay Düşərgəsi” (DGYD) layihəsi Azərbaycanın dövlət siyasətinin gənclik yönümlü beynəlxalq təzahürüdür.
Diaspor Gənclərinin Yay Düşərgəsi ilk dəfə 2018-ci ildə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib. Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin qurulması, onların tarixi vətənlə əlaqələrinin möhkəmləndirilməsidir. 
Azərbaycan dili, mədəniyyəti, tarixi və dövlətçilik ənənələri ilə yaxından tanış olmalarının təmin edilməsi, gənclər arasında milli şüurun və mənəvi birliyin gücləndirilməsi də layihənin başlıca qayəsindən biridir. Düşərgə formatında keçirilən bu layihə, həm də qeyri-rəsmi diplomatiya və “soft power” aləti kimi çıxış edir.
Düşərgələr Azərbaycanın müxtəlif regionlarında təşkil olunur. Bu bölgələr seçilərkən həm tarixi-mədəni, həm də turistik əhəmiyyət nəzərə alınır. İndiyədək Qəbələ, Şəki, Şamaxı, Şuşa və digər regionlarda düşərgələr təşkil olunub. 
Düşərgənin proqram istiqamətləri xarici siyasət, Azərbaycan tarixində önəmli hadisələr, Qarabağ həqiqətləri, media savadlılığı və liderlik mövzularında mütəxəssislərin təqdimatlarını əhatə edir. 
Yay düşərgələrində 30-dan çox ölkədən, xüsusilə ABŞ, Almaniya, Fransa, Türkiyə, Rusiya, Ukrayna və digər Avropa və postsovet ölkələrində yaşayan gənc azərbaycanlılar iştirak edirlər. İştirakçılar adətən 18–29 yaş aralığında, ali təhsilli, fəal ictimai mövqeyi olan və yaşadıqları ölkələrdə diaspor fəaliyyətində yer alan gənclər arasından seçilir.
Diaspor Gənclərinin Yay Düşərgəsində gənclər Azərbaycan mədəniyyəti və tarixi ilə canlı şəkildə tanış olur, bu isə onların milli kimliklərinə müsbət təsir göstərir.
Gənclər düşərgə vasitəsilə bir-birilə tanış olur, gələcək əməkdaşlıq üçün təməl qoyulur.
Xaricdə yaşayan gənclərin Azərbaycan reallıqlarını dünyaya çatdırmaq qabiliyyəti artır. Düşərgə həm də bir növ “qlobal mədəni elçi” funksiyasını yerinə yetirir.
Bir sözlə, Diaspor Gənclərinin Yay Düşərgəsi Azərbaycanın diaspor siyasətində gənclərə yönəlik ən uğurlu və sistemli təşəbbüslərdən biridir. Bu platforma vasitəsilə həm milli kimlik qorunur, həm də xaricdəki gənclər Azərbaycanla bağlarını möhkəmləndirərək dövlətçiliyə xidmət edən bir qüvvəyə çevrilirlər. Gələcəkdə bu layihənin genişləndirilməsi və peşəkarlaşdırılması Azərbaycan diaspor siyasətinin davamlı uğuruna mühüm töhfə verəcəkdir.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Diaspor Gənclərinin VI Yay Düşərgəsi Xankəndi şəhərində təşkil ediləcək. Komitədən verilən məlumata görə, “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” Sərəncama uyğun olaraq builki düşərgənin şüarı “Konstitusiya və Suverenlik ili”dir.
Bildirilib ki, düşərgə 2025-ci il 3–9 avqust tarixlərində baş tutacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox azərbaycanlı gəncin, o cümlədən Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələrinin düşərgədə iştirakı nəzərdə tutulur. Diaspor Gənclərinin VI Yay Düşərgəsində iştirak edən gənclər Xankəndinin, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qazilər, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar. Düşərgəyə Azərbaycan dilində ünsiyyət bacarığı olan 18-29 yaş arası gənclər qeydiyyatdan keçə bilərlər. Daha əvvəlki düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Gənclərin düşərgədə iştirak xərcləri qarşılanacaq.
Şübhəsiz ki, Diaspor Gənclərinin VI Yay Düşərgəsinin Xankəndidə təşkili, Azərbaycan Respublikasının postmünaqişə siyasətində strateji bir dönüş nöqtəsidir. Bu, həm beynəlxalq müstəvidə Azərbaycanın legitim haqlarının təsdiqidir, həm də gənc nəsildə tarixi torpaqlara aidiyyət hissinin gücləndirilməsi üçün önəmli ideoloji platformadır. Bu düşərgə bir daha sübut edir ki, Azərbaycan yalnız ərazilərini deyil, milli ruhunu da bərpa edir.
Layihənin əhəmiyyətindən danışan Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə Sherg.az-a açıqlamasında deyib ki, bu platforma sadəcə yay istirahəti yox, eyni zamanda gənclər üçün milli şüurun formalaşması, Azərbaycanla bağların möhkəmləndirilməsi və beynəlxalq şəbəkələşmə imkanlarının yaradılması baxımından çoxşaxəli nəticələr verir:
 “Bilirsiniz ki, Azərbaycan diaspor siyasətində əsas istiqamətlərdən biri odur ki, xaricdə yaşayan gənclərimiz, məsafə baxımından Vətəndən uzaqda olsalar da, mənəvi və düşüncə baxımından ölkələrinə bağlı qalmalıdırlar.
Bir çox gənc soydaşımız xaricdə doğulub boya-başa çatdığı üçün Azərbaycanla olan təmasları əsasən ailə və media müstəvisindədir. Yay düşərgəsi isə onlara real mədəni və tarixi təcrübə yaşadır. Bu emosional bağ gələcəkdə həmin gənclərin Azərbaycan üçün müsbət rəy daşıyıcısı və mədəni elçiyə çevrilməsi baxımından çox dəyərlidir.
Layihədə iştirak edən gənclər yaşadıqları ölkələrdə ictimai fəallıq nümayiş etdirən şəxslərdir. Onların Azərbaycanla əlaqəsinin gücləndirilməsi həm lobbiçilik, həm də diaspor fəaliyyətinin davamlılığını təmin edir. Bu baxımdan düşərgə, diaspor diplomatiyasının “kadr bazasını” formalaşdırır”.
F.Hüseynzadə qeyd edib ki, Azərbaycanın tarixi və mədəni şəhəri olan Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin təşkili sadəcə bir tədbir deyil – bu, milli suverenliyin, ərazi bütövlüyünün və qlobal azərbaycançılıq ideyasının parlaq təzahürüdür:
 “Düşərgənin Xankəndidə keçirilməsi postmünaqişə dövrü üçün çox güclü bir simvolik addımdır. Bu, təkcə Qarabağda Azərbaycanın tam suverenliyinin təmin olunduğunu nümayiş etdirmir, eyni zamanda beynəlxalq ictimaiyyətə bu mesajı verir ki, Azərbaycan artıq regionda sabitlik və reinteqrasiya dövrünə keçib. Bu addım həmçinin xaricdə yaşayan azərbaycanlı gənclərə, xüsusilə də münaqişə dövrünün təsirini hiss etmiş soydaşlarımıza güclü psixoloji və mənəvi dəstəkdir. Xankəndidə keçiriləcək düşərgə Azərbaycan diaspor gənclərinin milli kimliklərini yalnız mənəvi deyil, həm də coğrafi və tarixi müstəvidə dərk etmələrinə imkan yaradacaq. Xankəndi – bir zamanlar ayrılıq və münaqişə ilə tanınan bir məkan – bu gün birləşdirici bir simvollaşmaya çevrilir. Bu düşərgə vasitəsilə gənclər təkcə Qarabağın tarixi ilə tanış olmayacaq, həm də bölgənin mədəni irsini öyrənəcək, bərpa olunan şəhərin yenidənqurma prosesinə şahidlik edəcəklər. Bu qərar həm də Azərbaycan diaspor siyasətində yeni bir mərhələnin başlandığını göstərir – artıq yalnız milli yaddaşın qorunması deyil, həm də tarixi ədalətin bərpası fonunda milli ideologiyanın qurulması dövrüdür. Gənclər bu prosesin canlı iştirakçısına çevrilir. Tədbirin Xankəndidə keçirilməsi həm də Azərbaycanın daxili sabitliyə və təhlükəsizliyə tam nəzarət etdiyini göstərir. Bu, eyni zamanda xarici ölkələrdə yaşayan azərbaycanlılara mesaj verir: doğma torpaqlara qayıdış mümkündür, təhlükəsiz və sülh içindədir”.