Parlamentari: Berdiməhəmmədovun Qarabağ səfəri yeni mərhələnin rəmzidir

Türkmənistan qərbə Azərbaycan vasitəsilə çıxır
Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib. Bu siyasətin mühüm komponentlərindən biri də Azərbaycan ilə Türkmənistan arasında formalaşan çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıqdır. Tarixi, mədəni və dil baxımından bir-birinə yaxın olan bu iki dövlətin münasibətləri artıq təkcə dostluq zəminində deyil, həm də konkret geosiyasi və iqtisadi maraqlar üzərində inkişaf edir. Azərbaycan ilə Türkmənistan arasındakı münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. İki ölkə rəsmilərinin mütəmadi görüşləri, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və imzalanan sənədlər ikitərəfli əlaqələrin strateji əhəmiyyətini daha da gücləndirir. Bu kontekstdə enerji və nəqliyyat sahələri əməkdaşlığın lokomotiv sektorları kimi çıxış edir. Şərq-Qərb nəqliyyat dəhlizlərinin canlandırılması və Orta Dəhlizin effektivliyinin artırılması baxımından da Azərbaycan-Türkmənistan əməkdaşlığı xüsusi önəm daşıyır. Nəqliyyat və logistika sahəsində birgə layihələr, tranzit prosedurlarının sadələşdirilməsi, gömrük inteqrasiyası kimi mexanizmlər regional ticarətin inkişafını stimullaşdırır. Xüsusən, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və eləcə də ölkəmizin ayrılmaz hissəsi olan Qarabağı ziyarət etməsi dövlətlər arasındakı münasibətlərdə yeni səhifə açacaq. Türkmənistan Azərbaycanın Mərkəzi Asiyada əsas ticarət tərəfdaşlarından biridir. Pandemiyadan sonrakı dövrdə tərəflər arasında ticarət dövriyyəsində ciddi artımlar qeydə alınıb. 2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında ən böyük ticarət dövriyyəsi Türkmənistan ilə olub. 2024-cü ildə isə həmin regionda 470.4 milyon dollarlıq idxal və ixracımız olan Qazaxıstandan sonra ikinci ən böyük ticarət əməkdaşlığı Türkmənistan ilə qeydə alınıb. Göründüyü kimi, dövlətlər bir-birləri üçün vacib tərəfdaşlar olmaqla yanaşı, əməkdaşlığın daha da genişləndirilməsi üçün kifayət qədər böyük potensial var.
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfərləri isə Türkmənistanın Qarabağ iqtisadiyyatının yenidən formalaşmasında və inkişafında yaxından iştirak etmək istəyindən də xəbər verir. Bütövlükdə, son səfər iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək. Azərbaycan və Türkmənistan beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyən, ortaq mövqe sərgiləyən ölkələrdir. İki ölkənin parlament diplomatiyası sahəsində də təmasları genişlənir, qanunverici orqanlar arasında sıx təcrübə mübadiləsi aparılır. Azərbaycan və Türkmənistan xalqları təkcə ortaq keçmişə deyil, eyni zamanda, ortaq gələcəyə inamla irəliləyirlər. 
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sherg.az-a deyib ki, hər gün Azərbaycanın yaratdığı yeni reallığın gözəl nəticələrini görürük. Komitə rəhbərinin sözlərinə görə, Azərbaycanda Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədovun cənab Prezident İlham Əliyevlə bir yerdə Qarabağı seyr etməsinin böyük rəmzi mənası var:
 "Qarabağ türk dünyası üçün müqəddəs məkandır. Qarabağı sadəcə işğaldan azad edilmiş bir ərazi kimi qiymətləndirməməliyik. Qarabağ azadlıq, müstəqillik simvoludur. Türk dünyasının birliyinin simvolu, bir nümunədir. Məhz o səbəbdən Qarabağ diqqət mərkəzindədir, hamı ora səfər edir. Bir neçə gün öncə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı orada, Xankəndidə keçirildi. Ardınca Türkmənistanın milli lideri Qarabağa gəldi. Türkmənistanla bizim əlaqələrimiz xüsusi əhəmiyyət kəsb edir. Xəzərin ən yaxın qonşuları Türkmənistanla Azərbaycandır. Bir neçə gün davam edən bu səfər Azərbaycan-Türkmənistan arasında əlaqələri yeni müstəviyə qaldırır. Fikir verirsizsə, Qurbanqulu Berdiməhəmmədovun xarici ölkələrə səfərləri o qədər də uzun müddət çəkmir. Ancaq qonaq Azərbaycanda bir neçə gün qaldı və Qarabağda, Şuşada, Füzulidə görülən işlərlə tanış oldu, sakinlərlə görüşdü. Bunlar tamamilə yeni mərhələdir. Azərbaycan Mərkəzi Asiya, xüsusən Türkmənistan üçün tamamilə başqa bir müstəviyə qalxmış azad, müstəqil, öz müqəddəratını təyin edən ölkəyə çevrilmişik". 
Parlament üzvü vurğulayıb ki, Azərbaycan vasitəsilə bu gün Türkmənistan və Mərkəzi Asiya ölkələri dünyaya çıxış əldə edir: 
"Bu baxımdan Azərbaycan-Türkmənistan münasibətləri həddindən artıq vacibdir. Bu gün sadəcə şərq istiqamətində inkişaf edən Türkmənistan iqtisadiyyatını Azərbaycan qərb istiqamətində də inkişaf etməsi üçün bütün imkanı, şəraiti yaradır. Özü də bu, su-hava üçün Türkmənistanın özünə də lazımdır. Biz görürük ki, Azərbaycan vasitəsilə Türkmənistanın əlaqələri, potensialı qat-qat artır. Ona görə heç kim üçün sirr deyil ki, Türkmənistan iqtisadi potensialına, xüsusən enerji daşıyıcılarına görə dünyada ən aparıcı ölkələrdən biridir. Bu potensialdan Azərbaycanın köməyi ilə düzgün, səmələri və türkmən xalqı üçün ən yüksək səviyyədə istifadəsi təmin olunur. Biz Türkmənistanla əlaqələri yüksəldərək faktiki həm Azərbaycan iqtisadiyyatına, həm də regionda gedən proseslərə ciddi təsir göstəririk. Enerji və kommunikasiya layihələrimiz ən yüksək səviyyədə öz təsdiqini tapır. Biz Azərbaycan olaraq mərkəzdə dayanan bir ölkəyik. Qərb Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə edir. Mərkəzi Asiya ölkələri isə Azərbaycanla yüksək əməkdaşlıq etməklə öz siyasi-iqtisadi potensialını yeni bir istiqamətdə inkişaf etdirmək şansı əldə edir".