Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Qayıdış proqramına uyğun olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə kəndlərinə və Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 5 ailədən 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailədən 24 nəfər, Təzəbinə kəndinə 8 ailədən 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə 10 ailədən 52 nəfər doğma yurda yola salınıb.
Köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyiblər.