Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanları yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Böyük Qayıdış proqramına uyğun olaraq Xocalı rayonunun Badara və Seyidbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb.

Bu mərhələdə Badara kəndinə 15 ailədən 66 nəfər, Seyidbəyli kəndinə isə 10 ailə olmaqla 34 nəfər Ağdamın Dördyol adlanan ərazisindən gedəcək.

Köç edən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.