Mövzu Rusiya Federasiyası üçün o qədər vacibdir ki, bir gün ərzində 3 əsas fiqur cavab verdi: Rusiya baş nazirinin müavini, “ağır artilleriya”, keçmiş prezident, TŞ sədrinin müavini və Prezidentin mətbuat katibi.
Bu sözləri “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan Ermənistanın AB-yə üzvlük prosesinə başlanılması haqqında qanun layihəsinin NK-da təsdiqlənərək, parlamentə göndərilməsi haqda qeyd edib.
O bildirib ki, Ermənistanın bu addımı Rusiyaya qarşı və Aİİ-dən çıxmanın başlanması kimi qəbul edilib:
“Ermənistanın Aİİ-dən çıxması təkcə iqtisadi deyil, həm də ciddi siyasi problemləri ehtiva edir və birbaşa Ermənistanın təhlükəsizliyi ilə bağlıdır.
Yeri gəlmişkən, KTMT ilə münasibətlərdə yaranmış böhran vəziyyətində hətta Ermənistan Aİİ-nin əhəmiyyətini və ondan əldə edilən böyük faydanı bəyan etsə də, Moskva xəbərdarlıq edib ki, onlar son addıma “göz yummaq” fikrində deyillər.
İqtisadçılar bu prosesin ağır iqtisadi nəticələrindən danışacaqlar, lakin bu, siyasi və təhlükəsizlik baxımından ölkəni zəiflədəcək”.
Politoloq Azad Məsiyev "Sherg.az"a bildirib ki, Ermənistan öz müstəqilliyini elan etdiyi dövrdən Rusiyanın himayəsi altında formalaşıb və inkişaf edib:
"Ermənistanın Rusiyaya mənəvi borcu var. Buna baxmayaraq, rəsmi İrəvan açıq şəkildə Rusiyaya qarşı xəyanət siyasəti həyata keçirməkdədir. Paşinyan ABŞ-nin maliyyə və diplomatik korpusunun dəstəyi ilə hakimiyyətə gətirildi. Bu zaman o, bir öhdəlik götürdü ki, Rusiyanın Ermənistandakı nüfuzunu zəiflətməli və ABŞ-nin himayəsinə keçməlidir. Paşinyan açıq şəkildə bu siyasəti müxtəlif platformalarda həyata keçirir. Bu baxımdan Ermənistan Baş naziri KTMT-ni baykot edir. Lakin bu təşkilatın təlim və tədbirlərində iştirak etməsə də, rəsmi olaraq çıxmayıb. Ermənistan çox gözəl bilir ki, Rusiyayla əlaqələrini həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən kəssə, məhv ola və xəritədən silinə bilər. Digər tərəfdən Ermənistan KTMT-dən çıxarsa, Aİİ-dən də qovulacaq. Rusiya rəsmi nümayəndələri də bildirir ki, Ermənistanla arasındakı iqtisadi əməkdaşlıq 10 milyon civarında inkişaf etməkdədir. Bu rəqəm birbaşa Qərbə mesajdır ki, Ermənistan Rusiyadan iqtisadi asılıdır. Buna baxmayaraq Paşinyan hakimiyyəti ehtiyatlı şəkildə Rusiyayla siyasi münasibətlərini gərginləşdirir. Ümumiyyətlə Ermənistanın Müdafiə nazirliyində və Baş nazirin ətrafında olan müşavirlər Qərbdən gələn kadrlardır".
Politoloqun sözlərinə görə, Rusiya Paşinyanın Qərbə inteqrasiyasını biganə qarşılamayacaq:
"Ermənistan müstəqil dövlətdirsə, istədiyi zaman xarici siyasət kursunu dəyişə bilər. Amma Ermənistanın MDB, KTMT və Aİİ-də fəaliyyətdə olduğu halda AB-yə getməsi bir qədər real görünmür. Hətta Rusiyanın hərbi bazası da Ermənistanda mövcuddur. Ümumiyyətlə Paşinyanın bunları etməkdə əsas məqsədi Rusiyanın təsir dairəsindən çıxmaq və Qərbi öz arxasına alaraq Azərbaycana qarşı təzyiq kampaniyası keçirmək istəyidir".