Ermənistan Amerikanın strateji müttəfiqinə çevrilir
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-də səfərdədir. Mirzoyan iki gün Vaşinqtonda olacaq və bir sıra işgüzar görüşlər keçirəcək. XİN rəhbərinin ABŞ Dövlət katibi Antoni Blinkenlə görüşü və strateji tərəfdaşlıq sənədini imzalayacağı deyilir. Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistan və ABŞ-nin Vaşinqtonda strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib ki, ABŞ daxil olmaqla bütün ölkələrlə münasibətləri inkişaf etdirmək Ermənistanın suveren hüququdur. Lakin Peskov vurğulayıb ki, Rusiya Ermənistanla münasibətlərini yüksək qiymətləndirir. Həmçinin bəyan edib ki, ABŞ yeni ölkələri özünün arxasınca sürükləməyə çalışır: "ABŞ Cənubi Qafqazda destabilləşdirici rol oynayır".
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a deyib ki, ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədi İrəvanın Bakıya qarşı müharibə etmək üçün aldığı vizit sənədidir. Ekspertin sözlərinə görə, bu, sənədin əsl məqsədinə gəldikdə, ilk olaraq Brüssel razılaşmasına baxmaq lazımdır:
"27 mart 2024-cü ildə rəsmi Bakı Brüsseldə keçirilən Ermənistan-Avropa İttifaqı-ABŞ sammitinə münasibətini belə açıqlamışdı. Bakı vurğulamışdı ki, Brüssel razılaşmasının məqsədi Ermənistana hərbi dəstək vermək, birgə hərbi təlimlər keçirmək, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastruktur yaratmaq, Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanı silahlandırmaq və sairdir. Deməli, Vaşinqtonda imzalanacaq sənəd Rusiyanı hərbi olaraq bölgədə əvəz etməyə hesabalanır. ABŞ bölgədə qalıcı hərbi gücə çevrilməlidir. Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır. Mütləq ortaq hərbi güc Azərbaycana qarşı növbəti savaşı tətikləyəcək. Ümid qalır Tramp hökumətinin qərarlarına".
Analitikə görə, imzalanacaq sənəd, əslində, İrəvan üçün, təəssüf ki, tarixi hadisədir:
"Ermənistan və ABŞ hərbi-siyasi ittifaqın imzalanması imkanının əsasını qoyurlar. Şübhəsiz ki, erməni-amerikan münasibətlərinin böyük potensialı var. Bunun ən vacib məqamı Ermənistanın ABŞ-nin NATO-dan kənar mühüm müttəfiqi statusunu almasıdır. Ermənistan hökuməti həmçinin Tramp administrasiyası ilə də strateji tərəfdaşlıq sazişinin həyata keçirilməsi və Ermənistanın NATO-dan kənar mühüm müttəfiq statusunu təmin etməsini gözləyir. Ermənistanda bəyan edirlər ki, hazırda Ermənistanın hərbi-siyasi müttəfiqi yoxdur. Ona görə də ABŞ və Fransa ilə strateji əməkdaşlığın inkişafı təhlükəsizlik təminatlarının təmin edilməsinə töhfə verə bilər. Əmindirlər ki, Donald Tramp və Respublikaçılar administrasiyası da Ermənistanla münasibətlərin dərinləşməsində maraqlı olacaq".