"Şimal ayısı"nın yeni oyunu: Rusiya federal kanallar və medianı basqı vasitəsi kimi istifadə edir

Bu gün Rusiyanın hakimiyyət dairələri ilə əlaqəli bəzi şəxslər və media orqanları Azərbaycana qarşı təhqirlər səsləndirirlər. Ukrayna müharibəsi ilə bağlı Rusiyanın maraqlarına zidd fikirlər səsləndirənlərə qarşı tədbir görülsə də, Azərbaycana qarşı təhqirlər səsləndirənlər barədə hələ də bir tədbir görülməyib. Bu da ağıllara sözügedən prosesin Federal Təhlükəsizlik Xidmətinin nəzarətində altında davam etdiyini gətirir. Azərbaycan təyyarə qəzası zamanı Rusiyanın ünvanına heç bir təhqir səsləndirməyib, yalnız ədalətli istintaqın və məsuliyyətin tələbini irəli sürüb. Hazırda Rusiyada məsələnin əsas mövzusundan yayındırılaraq, Azərbaycan günahkar çıxarılmağa çalışılır. Azərbaycan ictimaiyyəti yalnızca məsələnin obyektiv şəkildə araşdırılmasını və ədalətin təmin edilməsini gözləyir. 

Mövzu ilə bağlı "Sherg.az"la danışan politoloq Əhəd Məmmədli də bildirib ki, Rusiya çox vaxt federal kanallar və media vasitəsilə tənqidləri dövlətlərə basqı vasitəsi kimi istifadə edir:

"Azərbaycan Prezidentinin bu məsələləri gündəmə gətirməsindən sonra Rusiyanın mövqeyi diqqət çəkdi. Putinin məsələ ilə bağlı yanaşması, ilk başda, bir qədər yumşaq olsa da, Azərbaycanın sərt və qətiyyətli mövqeyi ilə üzləşdikdən sonra Rusiyanın həm daxili, həm də beynəlxalq təzyiqlər qarşısında narahat olduğu açıqca hiss olunmağa başladı. Bu narahatlıq, Rusiyanın Azərbaycanın hər hansı bir tələbinə qarşı göstərdiyi reaksiyaların çox da həssas olmamasından və post-sovet respublikalarını özlərindən aşağı, asılı tərəfdaşlar kimi qəbul etmələrindən qaynaqlanır. Rusiya, bu respublikaları, xüsusilə də Azərbaycanın mövqeyini, hələ də kiçik və zəif olaraq qiymətləndirə bilərdi. Lakin Azərbaycanın göstərdiyi qətiyyət və ardıcıl iradə, Rusiyanın düşüncə tərzində müəyyən dəyişikliklərə səbəb oldu. Bu, həm Rusiya, həm də onun bəzi tərəfdaşları üçün bir növ "sınaq" rolunu oynadı. Azərbaycanın mövqeyi isə tamamilə məntiqli və düzgün bir yanaşmadır. Mən də bu mövqeyi tam dəstəkləyirəm. Azərbaycanın heç bir halda Rusiyanın təzyiqi altında geri addım atmaması və öz prinsiplərini qoruması, həm milli maraqları, həm də beynəlxalq hüququn tələbləri baxımından mühüm əhəmiyyət kəsb edir.

Ekspert əlavə edib ki, dünən yayılan Qroznı aeroportu ilə Azərbaycan pilotunun danışığına dair məlumatlar, bəziləri tərəfindən məsələni yayındırmaq və məsuliyyəti üzərindən atmaq üçün istifadə edilməyə çalışılsa da, bu vəziyyəti heç bir şəkildə dəyişdirmir:
"Bu cür yanaşmalar münaqişənin həllinə kömək etməz, əksinə, vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Rəsmi Bakı isə məsələyə dair mövqeyini yalnız müstəqil və etibarlı faktlara əsaslanaraq bildirir. Azərbaycanın sərt və qətiyyətli yanaşması, heç bir halda təsadüfi deyil. Azərbaycanın bu məsələyə yanaşmasının əsas məqsədi öz vətəndaşlarının hüquqlarını və təhlükəsizliyini qorumaqdır. Rusiyanın isə öz məsuliyyətini tam şəkildə dərk etməsi və bu faciənin tam məsuliyyətini üzərinə götürməsi çox vacibdir. Günahkarların cəzalandırılması və Azərbaycan tərəfinə təzminat ödəməsi, yalnız hüquqi və ədalətli yanaşma deyil, həm də iki ölkə arasında mövcud olan münasibətlərin gələcəkdə düzgün və sağlam bir şəkildə davam etməsi üçün əsas şərtlərdən biridir".