Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian arasında görüş başlayıb.
Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin görüş zamanı bildirib ki, İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq sazişinin imzalanması M.Pezeşkian və nümayəndə heyətinin Moskvaya səfərinin əsas məqsədlərindəndir.
"Biz Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilə imzalayacağıq. Çoxdandır ki, bu sənədin üzərində işləyirdik. Çox şadam ki, bunu bitirdik. Əminəm ki, bu sənəd bizim ticarət-iqtisadi münasibətlərimizə müsbət təsir edəcək", - deyə V.Putin qeyd edib.
Politoloq Oqtay Qasımov "Sherg.az"a söyləyib ki, İran və Rusiya arasında çoxdan gözlənilən sazişin imzalanması bugün baş tutacaq:
"Hər iki dövlət uzun müddətdən bəri həm regionda, həm də beynəlxalq səviyyədə birgə fəaliyyət göstərən ölkələrdir. Xüsusilə də Cənubi Qafqaz və Yaxın Şərqdə İran və Rusiyanın koordinasiya olunmuş siyasətləri üst-üstə düşür. Bu sazişlə tərəflər öz münasibətlərini daha da dərinləşdirmək istəyirlər. Son 3 ildə Rusiya-Ukrayna müharibəsi başlayandan əlaqələr daha da genişlənib. Belə ki, İran Rusiyanı roket və dronlarla təmin edən əsas ölkə statusundadır. Tərəflər müxtəlif istiqamətlərdə əməkdaşlıq etsələr də, xüsusilə hərbi sənaye sahəsi aparıcı yer tutur. Çünki İranın özünün hava hücumundan müdafiə və hərbi qüvvələrlə bağlı ciddi problemləri var. Məhz 2024-cü il bu çatışmazlıqları açıq şəkildə ortaya qoydu. Bir müddət öncə də dini liderin nümayəndəsinin dəfələrlə Rusiyaya gizli səfərlər etməsi də bu səbəbdən idi. Rusiya-İran yaxınlaşması və strateji tərəfdaşlıq müqaviləsinin imzalanması həm də beynəlxalq vəziyyətlə bağlıdır. Rəsmi Moskva Rusiya-Ukrayna müharibəsindən dolayı ciddi izolyasiya olunub. Odur ki, öz istiqamətini Şərq və Cənuba yönəldib. Bu mənada İran da onun əsas tərəfdaşlarından biri rolunda çıxış edir".
Politoloqun sözlərinə görə, sözügedən müqavilənin imzalanmasının bundan sonrakı mərhələdə Cənubi Qafqaz üçün müəyyən təsirləri ola bilər:
"İran və Rusiya bizim regionun qonşuluğunda yerləşir. Nəzərə alsaq ki, tərəflərin Ermənistanla sıx əlaqələri olub. Elə ayın 14-də Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında xartiya imzalandı. İran üzdə olduğu kimi anti-qərb və anti-amerika mövqeyində durduğunu sübut edirsə, biz ondan həmin müqaviləyə reaksiyanı gözləyirik. Amma bu günə qədər hələ də bu münasibəti görə bilmirik. Ümumilikdə Azərbaycan regiondakı dövlətlərin bir-biri ilə əlaqələrinin normal olmasında maraqlıyıq, yetər ki, səmimi və konstruktiv olsun".