Qərbdən gələn təlimatlar mənasızdır
"İran və Ermənistanla bağlı durum elə dəyişib ki, Tehran İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamasını istəyir, Zəngəzur dəhlizi ilə bağlı yanaşmasını dəyişdirir". Bu iddianı İran parlamentinin erməni əsilli keçmiş deputatı Robert Beqlaryan səsləndirib. Onun sözlərinə görə, hazırda İranın prioriteti Qərblə qlobal məsələləri həll etməkdir: "Tehran Ermənistan-İran sərhədini “qırmızı xətt”i elan etsə də, ola bilsin, sülh prosesində irəliləyiş istəyir. Həmçinin hazırkı siyasi vəziyyət o qədər qeyri-sabitdir və dəyişikliklər o qədər sürətlidir ki, İranın bütün ssenariləri, hətta Zəngəzur dəhlizinin açılmasını da nəzərdən keçirməyə çalışacağını düşünmək məntiqlidir”. Beqlaryan Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamasının İranı narahat etdiyini də vurğulayıb.
Xatırladaq ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla Ermənistanın Zəngəzur bölgəsində Rusiya konsulluğunun genişləndirilməsi məsələsini müzakirə edib. Lavrov qeyd edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin bütün sahələrdə normallaşmasına kömək etməyə hazırdır: "Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir". Lavrov-Mirzoyan görüşündə Zəngəzur dəhlizi məsələsinin də müzakirə olunduğu, Moskvanın İrəvana bu məsələdə təzyiq göstərməyə çalışdığı deyilir.
Siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya XİN rəhbəri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü zamanı Rusiya ilə Ermənistan arasındakı münasibətlərin xarakterinə, perspektivinə toxunub. Professorun sözlərinə görə, S.Lavrov Rusiyanın və Ermənistanın bir-birilərinin ərazilərində fəaliyyətinin genişlənməsinə diqqət yönəldib və konkret olaraq Zəngəzur bölgəsində Rusiyanın konsulluq açmaq niyyəti səsləndirilib:
"Ermənistan 2020-ci ildə birgə bəyanata imza atmaqla üzərinə öhdəliklər götürüb. Birgə bəyanatın 9-cu bəndinə əsasən Zəngəzur dəhlizinin açılması mütləqdir. Amma sonrakı proseslər göstərdi ki, Ermənistan tərəfi öz ərazisində Rusiyanın fəaliyyətinin genişləndirilməsini yox, əksinə, məhdudlaşdırılmasını istəyir və bu istiqamətdə addımlar atır. Zvarnots Hava Limanından və Ermənistan sərhədindən Rusiya sərhədçilərinin çəkilməsi məsələsi də uzun müzakirələrdən sonra nəhayət reallaşdı. Məlumdur ki, üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən, Zəngəzur dəhlizində Rusiya sərhəd xidməti fəaliyyət göstərməlidir, yəni nəzarəti Rusiya Sərhəd Xidməti həyata keçirməlidir. Lakin Ermənistan hər vəchlə bunun qarşısını almağa çalışır və alternativ yollar təklif edir. Ermənistanın məqsədi ondan ibarətdir ki, Rusiyanın burada iştirakçılığına ümumiyyətlə yol verməsin".
E.Mirbəşiroğlu vurğulayıb ki, Ermənistan bunu özbaşına etmir, Qərbdən aldığı təlimatlar əsasında belə addımlar atır: "Rusiya isə öz iştirakçılığını təmin etmək şərti ilə Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu dəfələrlə nümayiş etdirib. Görünən reallıq və Lavrovun fikirləri bir daha göstərir ki, Rusiya bu mövqeyində israrlıdır. Əslinə qalsa, Azərbaycan da Rusiyada imzalanmış birgə bəyanatın şərtlərinə əməl olunmasının vacibliyini vurğulayıb. Həm də Azərbaycan bu dəhlizin öz ərazisində komponentlərini formalaşdırıb, infrastruktur quruculuğunu həyata keçirib. Azərbaycan dəhlizin açılacağına inanır. Prezident cənab İlham Əliyev də hər zaman qeyd edib ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Belə olan halda Rusiyanın da oxşar mövqeyi dəhlizin açılmasından ibarətdir".
Analitikə görə, Rusiyanın Ermənistana təzyiq rıçaqları kifayət qədərdir: "Lavrov mətbuat konfransında ona da işarə etdi ki, regiondan kənar dövlətlər Rusiya-Ermənistan münasibətlərinə neqativ təsir göstərməməlidirlər. Hesab edirəm ki, Lavrov Ermənistan hökumətininin kommunikasiya məsələsində ləngiməsinin səbəbini kənardan gələn təlimatlara uymaqda görür. Bildiyimiz kimi, Rusiya-Ermənistan münasibətlərində gərginlik davam edir. Bütün hallarda regionda kommunikasiya məsələsi bölgə ölkələrinin diqqət mərkəzindədir. Zəngəzur dəhlizi çox strateji kommunikasiya kanalıdır. Təbii ki, açılacağı təqdirdə strateji əhəmiyyətli dəhliz olacaq. Yəqin ki, Rusiya kommunikasiya ilə bağlı öz maraqlarını sonadək müdafiə etməyə çalışacaq. Qərbdən gələn təlimatlara və təzyiqlərə baxmayaraq, Azərbaycanın da iradəsi sayəsində Zəngəzur dəhlizi açılacaq".