Ötən gündən etibarən Güney Azərbaycanın Urmiya şəhərində etiraz aksiyaları başlayıb. Azərbaycan türkləri, xüsusən, kürdlərin ərazi iddialarına qarşı öz etirazlarını bildirmək üçün küçələrə axışıblar. Etirazçılar “Azərbaycan yatmayıb, kürdə torpaq satmayıb!” və “Azərbaycan yurdumuz, Urmiya boz qurdumuz!” kimi şüarlarla öz mövqelərini sərgiləyirlər. Bu hadisə, bir daha Güney Azərbaycanda milli həmrəylik və torpaq məsələlərinə dair dərin narahatlıq yaradan bir etiraz dalğasının olduğunu göstərir. Aksiya, yalnız Urmiya ilə məhdudlaşmayıb və digər Güney Azərbaycan şəhərlərinə də sıçrama potensialına sahibdir.
Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehtili “Sherg.az”a bildirib ki, uzun müddətdir Tehran hakimiyyəti Cənubi Azərbaycanla Türkiyə sərhədində PJAK və PKK-nın iddiaları yönündə Qərbi Azərbaycanda demoqrafik quruluşu Azərbaycan türklərinin əleyhinə dəyişdirmək niyyətindədir:

“İran isə üzdə iddia edir ki, PJAK ilə savaşır. Lakin Pəhləvi dönəmi və 1980-ci illərə baxdıqda İranın PJAK təşkilatına orada xüsusi sahə yaratdığı görünür. İran PJAK-ın Azərbaycan əleyhinə torpaq iddiasına qalxdığını bildiyi halda demokrafik düzəni onların mənfəəti üçün dəyişdirir. Həmin bölgədə İran postları PJAK-ın məqsədi yönündə qurmağa çalışır. Burada səbəb Cənubi Azərbaycanın Qərb bölgəsində hansısa etnik təmizləmənin olması deyil. "Azərbaycan türkləri başqa xalqların nümayəndələrini istəmir" düşüncəsi tamamilə yanlışdır. Əgər hansısa entik qrup yerləşdiyi bölgənin adını özəlləşdirmək istəyərsə, təbii ki, işğalçı halına gələr. Burada PKK və PJAK-nın çox önəmli rolu var. Onlar etnik qrupları sözügedən bölgələrdə yerləşdirməklə, yerli xalqı oradan qovmaqla terror zonası yaratmaq istəyirlər. Son yüz ilə baxdıqda tarixi fürsət düşən kimi onların terror həyata keçirməklə türkləri qətlə yetirdiyinin şahidi oluruq. Tehran rejiminin apardığı proses Azərbaycan türkləri əleyhinə açıq şəkildə təhdid planıdır”.