Türkiyə Kəlbəcərin işğalına etiraz əlaməti olaraq və Azərbaycana dəstək məqsədilə 1993-cü ildən bağladığı Ermənistanla sərhədi 32 illik aradan sonra müvəqqəti açıb. Qarşılıqlı razılaşmaya əsasən, martın 21-dən 31-dək Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsi Ermənistandan Suriyaya humanitar yardımın göndərilməsi üçün fəaliyyət göstərəcək. Tibbi ləvazimat, ərzaq məhsulları və digər humanitar yükləri Suriyaya aparan ilk 4 yük maşını Ermənistan-Türkiyə sərhəd məntəqəsindən keçib. Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyaya humanitar yardımın çatdırılması üçün sərhədin müvəqqəti açılmasına görə Türkiyə hökumətinə təşəkkür edib. Bəs, iki ölkə arasındakı bu sərhəd məntəqəsi daimi açıla bilərmi?
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, Ermənistan tərəfi bunu çox istəyir.
Siyasi şərhşi bildirib ki, ona görə də Ermənistan hökuməti bu yaxınlarda “Marqara” keçid məntəqəsini modernləşdirib:

"Yəni ki, məntəqə tam fəaliyyətə hazırdır. Lakin Ermənistandan fərqli olaraq Türkiyə tərəfi hələ ki sərhədi daimi əsaslarla açmağa tələsmir. Çünki rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının İrəvanın Azərbaycanın sülh şərtlərini yerinə yetirməsindən asılı olduğunu bildirir. Qardaş ölkəmiz artıq 32 ildir ki, bu mövqeyini davam etdirir. Sözügedən sülh şərtlərindən biri də Zəngəzur dəhlizinin açılmasıyla bağlıdır. Ancaq Nikol Paşinyan indi Türkiyə-Ermənistan sərhədinin müvəqqəti yox, daimi açılmasına cəhd göstərməklə hiyləgər gediş etmək və bu yolla Zəngəzur dəhlizinin açılması məsələsini, ümumiyyətlə, danışıqların gündəliyindən çıxarmaq istəyir. Ankara Paşinyanın bu hiyləsindən məlumatlıdır. Ona görə də Türkiyə-Ermənistan sərhədi martın 31-də yenidən bağlanacaq. Bağlanılmalıdır da".
Analitik qeyd edib ki, bu məkrli ölkənin Türk dünyasının birləşməsinin açarı olan Zəngəzur dəhlizinin açılması məsələsini rəfə qaldırmasına heç cürə yol vermək olmaz:
"Zəngəzur dəhlizi Türk birliyi üçün həyati məsələdir. Ermənistan həmçinin "humanitar yük" göndərmək məsələsində də səmimi deyil. O, bu ad altında yeni Suriyanın qurulması prosesinin iştirakçısına çevrilməklə kənar güclərin sifarişlərinin icraçısına çevrilə bilər".