Azərbaycan-Türkiyə əməkdaşlığı genişlənir: Rusiya, Fransa, İran gözünü dörd açsın

Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədə çəkindirici güc amili hesab olunur
Bakı-Ankara hərbi bloku yüksəlişdədir
Rusiyanın Cənubi Qafqazda hegemonluq siyasəti bitmək üzrədir
“Regional güc balansı dəyişir. Azərbaycan və Türkiyə təhlükəsizliyin dayağına çevrilir” 
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun və Müdafiə Nazirliyinin rəhbər heyətinin Türkiyəyə səfəri qardaş ölkə ilə hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdiyini bir daha nümayiş etdirir. İstanbulda keçirilən və dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri sayılan “İDEF 2025” çərçivəsində baş tutan yüksək səviyyəli görüşlər bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir.
Səfər çərçivəsində Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə keçirilən ikitərəfli görüşdə Azərbaycan-Türkiyə arasında mövcud hərbi əməkdaşlıq münasibətləri, qarşılıqlı maraq doğuran məsələlər və gələcək planlar müzakirə olunub. Görüşdə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin iştirakı isə hərbi-texniki əməkdaşlığın kompleks şəkildə inkişaf etdirildiyini göstərir. Tərəflər arasında imzalanmış “Qarşılıqlı hərbi təhlükəsizliyin gücləndirilməsinə dair Anlaşma Memorandumu” bu istiqamətdə qarşılıqlı etimad və strateji bağlılığın daha da möhkəmləndiyini sübut edir.
Zakir Həsənovun Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünlə görüşü də bu əməkdaşlığın texnoloji və sənaye aspektlərinə dair mühüm fikir mübadiləsi ilə yadda qalıb. Görüşdə Azərbaycan və Türkiyənin strateji müttəfiqliyinin təməlində duran dostluq və qardaşlıq münasibətlərinə xüsusi önəm verildiyi vurğulanıb. Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr təkcə təlim və birgə əməliyyatlarla deyil, eyni zamanda müdafiə sənayesində texnologiya transferi, birgə istehsal və innovativ layihələr vasitəsilə də möhkəmlənməkdədir. “İDEF 2025” kimi beynəlxalq platformalar bu əməkdaşlığın beynəlxalq miqyasda təqdimatı və yeni tərəfdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından da əhəmiyyət daşıyır.
Bu səfər və imzalanan sənədlər, eyni zamanda regionda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycan-Türkiyə tandeminin artan rolunu təsdiqləyir. Bu baxımdan, “İDEF 2025” çərçivəsində həyata keçirilən görüşlər iki ölkə arasında hərbi-siyasi əlaqələrin növbəti strateji mərhələyə keçdiyinin göstəricisidir.
Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Sherg.az-a açıqlamasında deyib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki gərginliyin hələ nə qədər davam edəcəyi bəlli deyil:
"İki ölkə arasındakı münasibətlərdə hökm sürən mürəkkəb vəziyətin günahkarı sözsüz ki, Kremldir. İmperiya vərdişlərindən əl çəkə bilməyən Kremlin ötən ilin sonlarından etibarən Azərbaycana münasibətdə yol verdiyi ağır səhvlər və yanlış siyasət bu gün iki ölkə arasında müttəfiqlik münasibətlərini qırılma nöqtəsinə yaxınlaşdırmaqdadır. Eskalasiya gündən-günə artan xətt üzrə davam edir.
Belə bir fonda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsinin gündəmə gəlməsi tamamilə təbii haldır. Qardaş ölkələr kritik məqamlarda bir-birinə gərəkən hər cürə dəstəyi verməlidirlər. Bu, həm də tarixi "Şuşa Bəyannaməsi"nin ruhundan, mahiyyətindən irəli gəlir. Odur ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Türkiyəyə səfər etməsi və bu səfər əsnasında “IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən rəsmi görüşlərdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyinin vurğulanmasında qeyri-adi heç nə yoxdur”.
Politoloqun sözlərinə görə, bu görüşlər zamanı Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin hər iki ölkə başçılarının diqqət mərkəzində olduğu da xüsusi olaraq qeyd olunub:
 “Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dünyasının aparıcı ölkələri olaraq bölgədə sabitliyin və təhlükəsizliyin qorunması baxımından Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığının gücləndirilməsini prioritet məsələ kimi qiymətləndirirlər. Bu əməkdaşlığın hər iki qardaş ölkə üçün və bütövlükdə Cənubi Qafqaz bölgəsi üçün xeyirli olması faktı hər kəsə gün kimi aydındır. 
Azərbaycan-Türkiyə əməkdaşlığı bölgədə çəkindirici güc amili hesab olunur və Rusiya, Fransa, İran, Hindistan kimi aktorların bölgəni yenidən münaqişə ocağına çevirmək cəhdlərini əngəlləyir. 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız parlaq Qələbə nəticəsində regionda 200 ilə yaxın davam edən Rusiya hegemonluğuna əsaslanan geosiyasi konfiqurasiyanın ləğv olunması və bunun müqabilində Azərbaycan və Türkiyənin birgə səyləri ilə yeni regional düzənin formalaşdırılması bütövlükdə həm Cənubi Qafqazın, həm də bütün Türk dünyasının gələcəyi üçün olduqca önəmli gəlişmədir. Azərbaycan və Türkiyə bölgədəki aparıcı mövqelərini qorumaq və gücləndirmək üçün birgə səylərini daha da artıracaqlar. Bu, zamanın tələbidir”.