Paşinyan II Qaregini istefaya göndərməyə çalışacaq - RƏY

  • Birmənalı olaraq Erməni Apostol Kilsəsinin mövqeyi Rusiyanın təsirini əks etdirir

Erməni ilahiyyatçı Harutyun Harutyunyan II Qaregini Robert Köçəryanın katolikos postuna gətirdiyini və onun Rusiya ilə əlaqəli olduğunu iddia edib. O, həmçinin Eçmiədzin katolikosluğunun bəyanatlarının Rusiya XİN sözçüsü Mariya Zaxarovanın açıqlamalarına bənzədiyini bildirib.

Erməni ilahiyyatçının iddialarını şərh edən siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a bildirib ki, 2018-ci ildə Nikol Paşinyan inqilab nəticəsində hakimiyyətə gəldikdən sonra Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin onun hakimiyyətini qəbul etməyib.

Ekspertin sözlərinə görə, II Qaregin Robert Köçaryanın dəstəyi və Rusiyanın birbaşa yardımı ilə katolikos seçildiyindən Paşinyana qarşı müxalif mövqe tutub. 44 günlük müharibədən sonra da Paşinyana qarşı çıxış edən müxalif qüvvələr, etiraz aksiyalarınında da II Qaregin aparıcı fiqurlardan biri olub. Hazırda da Ermənistan hakimiyyəti ilə kilsə arasında gərginlik qalmaqdadır.

M.Əsədullazadənin fikrincə, birmənalı olaraq Erməni Apostol Kilsəsinin mövqeyi Rusiyanın təsirini əks etdirir: “Paşinyan da daxil olmaqla, Ermənistanın bir sıra ictimai-siyasi xadimləri kilsənin Rusiyaya bağlı olduğunu iddia edirlər. Paşinyan II Qareginə münasibətləri normallaşdırmaq üçün geri çəkilmək və hakimiyyətlə əməkdaşlıq etmək mesajı versə də, katolikos mövqeyini dəyişməyib. Güman edirəm ki, tərəflər arasında qarşıdurma bu şəkildə davam etməyəcək. Paşinyan siyasi mövqeyini daha da gücləndirəcəyi təqdirdə II Qaregini istefaya göndərməyə çalışacaq”.