TƏBİB və Nazirlik mövqe savaşında, millət can axtarır

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğlu həbs edilib. "Yeni klinika" tibb müəssisəsinin direktoru Abbasov Pərviz Akif oğlu da saxlanılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hər iki şəxs rəhbər olduqları qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, koronavirus xəstələrinin rəhbəri olduqları tibb müəssisələrinə yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə rüşvət alıblar.

Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri Oruc Məmmədov da həbs edilib. O da rüşvət almaqda ittiham edilir.

Ölkəmizin səhiyyə sistemində rüşvətin kökünü kəsmək üçün köklü islahatların aparılmasına ehtiyac var. Ancaq görünən odur ki, bu məsələ hələ də səhiyyə sisteminə rəhbərlik edənlərin maraq dairəsində deyil.


Baş verənləri “Sherg.az”a şərh edən "Borçalı” Cəmiyyətinin sədri, həkim-stomatoloq Zəlimxan Məmmədli bildirib ki, hər şeydən öncə ali səhiyyə qurumları anormaldır:

“İki struktur-TƏBİB və Səhiyyə Nazirliyi mövqelər uğrunda savaşdadırlar. Siyasi sistem ideoloji cəhətdən və millətə bağlılıq baxımından xəstədir. Xəstə siyasi sistem və xəstə səhiyyə sistemində sadaladığınız nəqativlər, cinayətlər təbiidir. Siyasi sistem tam yenidən qurulub demokratikləşməsə, xalqın iradəsi hakimiyyətin bütün qollarında və səhiyyə sistemində kök salmasa, belə cinayətlər insanlarımızı məyus etməklə dövlətçiliyimizi satsıtmaqda davam edəcək”.