2009-dan sonra doğulanlara ömürlük siqaret qadağası təsdiqlənib

Qəbul edilən bu islahat ölkədə “tütünsüz nəsil” formalaşdırmağı hədəfləyir

İngiltərə Parlamenti 1 yanvar 2009-cu ildən sonra doğulan şəxslərin həyatları boyu siqaret və tütün məhsulları ala bilməsini qadağan edən “Tütün və Elektron Siqaret Qanun Layihəsi”ni qəbul edib.

Sherg.az xəbər verir ki, məlumata görə, Avam Palatası və Lordlar Palatasının ortaq razılığı ilə qəbul edilən bu islahat ölkədə “tütünsüz nəsil” formalaşdırmağı hədəfləyir.

Yeni qaydaya əsasən, hazırda 17 yaş və daha kiçik olan uşaqlar gələcəkdə qanuni şəkildə tütün məhsulları ala bilməyəcək.

Qanun Krallıq təsdiqindən sonra qüvvəyə minəcək və Səhiyyə Nazirliyinə tütün və nikotin məhsullarının qablaşdırılması, dadlandırıcıları və digər detallar üzrə geniş tənzimləmə səlahiyyəti verəcək.

Dəyişiklik çərçivəsində siqaret və elektron siqaret istifadəsinə dair məhdudiyyətlər də genişləndirilir. Uşaqların olduğu avtomobillərdə, oyun meydançalarında, məktəb ətrafında və xəstəxana girişlərində siqaret çəkmək qadağan edilir. Bununla belə, bar bağçaları, çimərliklər və şəxsi açıq məkanlar kimi yerlər qadağadan istisna olunur.

Səhiyyə naziri Baroness Merron bu qərarı “bir nəsildə həyata keçirilən ən böyük ictimai sağlamlıq müdaxiləsi” kimi qiymətləndirib və bunun minlərlə insanın həyatını xilas edəcəyini bildirib.

Qanun parlamentdə tənqidlər də alıb. Keçmiş mühafizəkar deputat Lord Naseby bildirib ki, əsas diqqət insanların siqaretə başlamasının qarşısının alınmasına yönəlməlidir.

Sivil cəmiyyət təşkilatları isə qərarı ölkənin sağlamlıq siyasətində dönüş nöqtəsi kimi qiymətləndirib və tütün sənayesinin zərərlərin qarşılanmasına maliyyə dəstəyi verməli olduğunu vurğulayıblar.

Yeni qanunla Böyük Britaniya siqaret satışını nəsillər üzrə mərhələli şəkildə məhdudlaşdıran ilk ölkələrdən biri olacaq.