Həkim-toksikoloq: Hamamda halsızlıq hiss etdikdə açıq havaya çıxmaq şərtdir

Havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm hadisələri barədə məlumatları demək olar ki, hər gün eşidirik. Mətbuatda yer alan bu cür xəbərlərə nəzər salsaq görərik ki, dəm qazı qurbanları arasında hər yaş qrupunda insan var. Bu isə onu göstərir ki, dəm qazı evlərdə dolaşan kabusa çevrilib. Deməli, hər birimiz belə hallara hazır olmalı, zəhərlənən şəxsə ilkin tibbi yardım göstərməyi bacarmalıyıq. Bəs dəm qazı zəhərlənmələri zamanı ilk yardım olaraq nələr etmək lazımdır? 

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova "Sherg.az"a bildirib ki, qış mövsümünə keçəndə vətəndaşlar qaz sobalarını işlək vəziyyətdə olub-olmadığını yoxlamır və bacaları təmizləmirlər:               

"Zəhərlənmə 3, yüngül, orta və ağır dərəcələrə bölünür. Yüngül dərəcəli zəhərlənmələrdə insanlarda diskomfort hissi meydana gəlir. Beləki başağrısı, halsızlıq, umumi zəiflik yarandıqda insan otağı tərk etməli, pəncərələri açmalıdır. Orta-ağır dərəcəli zəhərlənmələrdə isə ürəkbulanması, şiddətli başağrısı, huşun itməsi, ətraf mühitə konkret cavab verməməsi, qıcolma kimi əlamatlər baş verir. Ağır dərəcəli zəhərlənmələr hətta, ölümlə nəticələnə bilər. Ona görə də diqqətli olmalıyıq. Hamamda halsızlıq hiss etdikdə açıq havaya çıxmaq şərtdir. Əgər sıx geyim varsa, çıxardılmalıdır. Yüngül dərəcəli zəhərlənmələrdə isti və ya şirin çay vermək lazımdır. Orta-ağır dərəcədə bu üsuldan yararlanmaq mümkün deyil. Çünki həmin adamlar udquna bilmir. Əks halda, boğulma hadisəsi baş verə bilər. Dəm qazı ilə zəhərlənmənin ilk əlamətləri meydana çıxan kimi təcili yardım çağırmaq lazımdır. Əgər ilk tibbi yardım düzgün yerinə yetirilərsə, sonrakı yardımlar həkimlər tərəfindən aparılacaq".